“Meydan TV işi” üzrə həbs edilən Fatimə Mövlamlı təcridxanadan yazır:
“Bəri başdan deyim ki, sülhə doğru atılan istənilən addım məni sevindirir. İllər uzunu hər iki xalqa qarşı təzyiq vasitəsi kimi istifadə olunan müharibə çoxdan bitməli idi, daha bunu dilə gətirənlər “vətən xaini” elan edilməməliydi.
8 avqustda hər üç prezidentin qatıldığı mərasimi və xüsusi ilə də mətbuat konfransını diqqətlə izlədim. Məni bu mərasimin məzmunundan əlavə, həm də başqa bir şey maraqlandırırdı:
Görəsən, Azərbaycan mediası adına orada kim danışacaq, nə sual verəcək? Müstəqil mətbuat nümayəndələrinin saxta ittihamlarla həbs edildiyi ölkənin jurnalisti kimi ora getməyə çarəsi olan şəxsin verəcəyi sualın məğzi nə olacaq?
Az sonra “Report Agentliyi”nin müxbiri söz aldı və onun sualı sadəcə yox idi. Deyəsən, onlara həmişə administrasiyadan göndərilən və hökümətin əlaltısı olan digər mətbuat orqanları kimi tirajladıqları mətnlərdən bu dəfə verilməmişdi.
Jurnalist sualını verəndən sonra kamera yoldaşım “bu nə danışır?” deyə soruşdu. Dedim ki, “biz tək deyilik, bax, heç Tramp da onun nə dediyini anlamadı”.
Ən canalıcı məqam isə İlham Əliyevin müdaxiləsi idi. O, kəkələyən övladının yerinə dillənən valideyn təki sözü alıb, mirzəsinin “sual”ını tərcümə etməyə çalışdı. Amma ortada sual yox idi axı. Ona görə də tərcüməsi “deyir ki, biz tərəflərə gələcəksiniz?”-dən yaxşı alınmadı.
Bu, öz qazdığın quyuya düşmək kimidir. Axı sözünün kəsəri olan, gözünə heç kimin yanında kölgə düşməyən müstəqil media nümayəndələrini həbs edib, əvəzində meydanı ağzından çıxacaq hər kəlməyə görə icazə alan, hökumətdən ev, ad, tərif umanlara verəndə vəziyyət başqa necə olmalı idi ki? Həmin jurnalistin dili elə topuq vurmalı idi. Bu, məhz həmin görüşdə baş verməli idi. (Həyatın belə ironiya və sataşmalarını sevirəm.)
Bəs orada tərəflərdən birinin geri addım atması ehtimalı barədə sual verib, hər üç ölkə rəhbərindən cavab alan jurnalistə diqqət yetirdinizmi? Onun sualı ilə yaranan maraq və gərginlik müstəqil jurnalistlə ələbaxan mirzənin fərqini aşkar ortaya qoydu.
Mən özüm təəssüf ki, orada iştirak edə bilmədim. Əvvəla, ona görə ki, “Kürdəxanı”dan Vaşinqtona yol xeyli uzaqdır, üstəlik vizam da yoxdur. Amma sualımı buradan ünvanlamaq imkanım, əlbəttə, mövcuddur:
Bəs, öz ölkənizin vətəndaşları ilə necə, süh bağlamaq fikriniz varmı? Sizin özünüz və ətrafınız xalqın sərvətini talayır, polisləriniz əzir, müstəntiqləriniz sifarişlə işləyir, insanlar başlarına endiriləcək dəyənək zərbəsinin qorxusundan səslərini çıxara bilmirlər. Bütün bu həqiqətləri yazan, göstərən jurnalistlər isə “qaçaqmalçı” adı ilə həbs olunur.
Beləliklə, Əliyev, sülh həqiqi sülh olacaqmı?!”
Fatimə Mövlamlı
Bakı İstintaq Təcridxanası