Bəhruz Səmədov məhkəməyə gətiriləndə ictimaiyyətə çağırış edib

Bəhruz Səmədov. Foto: videodan skrinşot

O, pis rəftara məruz qaldığı ilə bağlı məhkəmədə iddia qaldırıb

Xarici mediada Azərbaycandakı idarəçilikdə bağlı tənqidi məqalələrin müəllifi olan politoloq, Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov iki ay əvvəl onun haqqında həbs qərarı verilən məhkəmə iclasında pis rəftara məruz qalmasından danışmışdı.

Məhkəmə də onun işgəncə şikayətinin araşdırılması üçün prokurorluğa məktub göndərmişdi.

Üstündən iki ay keçməsinə baxmayaraq, prokurorluqdakı araşdırmanın nəticəsi yoxdur.

Bəhruz Səmədov və müdafiəçisi də məsələnin araşdırılmamasıyla əlaqədar məhkəməyə şikayət edib.

Oktyabrın 18-də Səbail Rayon Məhkəməsində gənc fəalın sözügedən şikayəti üzrə məhkəmə iclası keçirilib.

Qapalı keçirilən məhkəmə iclasında Bəhruz Səmədov şikayəti müvəqqəti geri götürmək qərarına gəlib. Çünki prokurorluqda, hələ ki, məsələ ilə bağlı yekun qərar yoxdur.
“Belə qərara gəldik ki, əgər araşdırılmasa, yenidən şikayət verəcəyik”, – Bəhruz Səmədovun vəkili Zibeydə Sadıqova Meydan TV-yə açıqlamasında bildirib.

Bəhruz Səmədov məhkəməyə gətirilərkən ictimaiyyətə müraciət edib: “COP29-da səsimə səs verin”, deyib.

Bəhruz Səmədov avqustun 21-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb.

O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.

Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir.

O, həbs qərarı verilən məhkəmədə çıxış edərək bildirib ki, sülhpərvərdir, müharibənin əleyhinədir. Çıxışları, məqalələri də bu barədədir. Buna görə də susdurmaq üçün saxta ittihamla cəzalandırılır.

Bəhruz Səmədov Səbail Rayon Məhkəməsinə gətirilərkən jurnalistlərə təqsirsiz olduğunu deyib.

“Yaşasın sülh! Yaşasın xalqların qardaşlığı! İttihamların hamısı yalandı…”, – Bəhruz Səmədovun sözləridir.

Ana səhifəXəbərlərBəhruz Səmədov məhkəməyə gətiriləndə ictimaiyyətə çağırış edib