BDU-nun oğlan tələbələri…

Oxucu kitabın ayağına getməyəndə…

Source:

Qanun Nəşrlər Evi hər ay mütəmadi olaraq, Bakının müxtəlif yerlərində endirimli kitab yarmarkaları təşkil edir. Yarmarkalar adətən insanların çox olduğu yerlərdə, alış-veriş mərkəzlərində, parklarda və universitetlərdə baş tutur. Çox zəruri və düzgün addımdı. Yəni nəticədə, kitabın var olması üçün nəşriyyat var olmalı, nəşriyyatın var olması üçünsə kitab oxuyan, kitaba pul verən olmalıdı. Bir halda ki, oxucu kitab arxasınca gəlmir, kitabdan xəbərsizdi, kitab oxucunun ayağına getmək məcburiyyətində qalacaq. Başqa yol yoxdur. Heçnə yox, sadəcə insanlara kitab göstərmək, belə bir şeyin varlığından xəbərdar eləmək baxımından son dərəcə faydalı hadisədir. Ətraflı müşahidələrimi bölüşmək istəyirəm.

Bu yarmarkaların bir neçəsində səhərdən axşama kimi kitab sata-sata ümumi mənzərəni yaxşı müşahidə edə bildim. Dəhşət idi. Düzü bu qədərini gözləmirdim, sadəcə Azərbaycanda istənilən vəziyyətin ən minimal halını düşünürsən, bundan o tərəfini təsəvvür etmirsən, ancaq reallıqla üzləşəndə görürsən ki, sən nə dərəcədə optimistiymişsən. Vəziyyət sən təsəvvür elədiyin qədər olsaydı, dərd yarı olardı. Əksəriyyət insanların kitaba reaksiyası təxminən belə olur. Gəlib kitabı əlinə götürüb o tərəf, bu tərəfə çevirib baxırlar, üzlərində qəribə ifadə olur, sanki başa düşmürlər ki, bu nə deməkdi ? Kim yazır bu boyda kitabları ? Çox vaxt da belə suallar verirlər. “Qardaş, bu kitabları alıb oxuyan olur?

Son yarmarkalardan bir ölkənin öncül universitetlərindən olan Bakı Dövlət Universitetində baş tutdu. Çox maraqlıydı. Sadəcə orda oturub, bir neçə saat kitaba olan reaksiyanı izləməklə, bir çox şeyi insan özü üçün aydınlaşdıra bilərdi. Bəzən elə reaksiyalar, elə suallar eşidirdik ki, doğrudan tələbə-müəllim əhatəsində olduğumuza inana bilmirdik. Tam əminliklə demək olar ki, böyük əksəriyyət ilk dəfə idi kitabla belə təmas görürdü. Gəlib birdən belə suallar verirdilər. Bir oğlan 300-500 arası adda kitabın qarşısında durub soruşur “bu kitablar neçiyədir” ? Aydın məsələdi ki, bu adam ilk dəfədi kitab və kitab satışı görür. Kitabın qiymətini elə soruşur, elə bil ərzaq mağazasında şirniyyat bölməsinin qarşısında durub şirniyyatların qiymətini soruşur. Və ya başqası soruşur ki, “bu kitab bu biri kitabdan niyə bahadı” ?. Yəni bir universitet tələbəsinin bu dərəcədə infantil, dünyadan xəbərsiz olduğunu təsəvvür eləmək doğrudan çətindi.

Ümumiyyətlə, bu son yarmarkada universitet tələbələrinin hərəkətləri həqiqətən faciəliydi. Sən demə, biz elə ölkədə yaşayırıq ki, universitet tələbəsinin , tarix, fəlsəfə, ədəbiyyat fakültəsinin tələbəsinin cəmiyyətin ən avara, ən küt təbəqəsindən heç bir fərqi yoxmuş . Yarmarka müddətində universitetin oğlan tələbələrinin əksəriyyəti özlərini 20 yanvar metrosunda alver eləyən təbəqə kimi aparırdı. Dərsdən təsbehlərini, siqaretlərini əllərinə alıb, gəlib dururdular kitabların qarşısında. Və başlayırdı bütün dadsız-duzsuz, şit zarafatlaşma cəhdləri. Hər hansı kitabın üz qabığında və ya adında o bayağı, ibtidai düşüncə məhsulu olan səviyyəsiz zarafatları eləməyə imkan verən ən kiçik bir səbəb tapırdılarsa, fürsəti əldən vermirdilər. Eyni şeyləri eşitməkdən tamam əldən düşmüşdük. Özləri deyib, özləri də bu mənasızlığa elə gülürlər ki, şübhəyə düşməyə başlayırsan ki, doğrudan, bəlkə sənin yumor hissin ölüb. Bəziləri də qürur və alın açıqlığı ilə elan eliyirdilər ki, axırıncı dəfə kitab oxuduğu yadına gəlmir.

Dəstədən biri kitablara yaxınlaşmaq istəyirdisə , “ala, yetim (“qaqa”, “brat”, “ayə” də ola bilər) gəl bu tərəfə, sən canı biyabır eləmə bizi, kitab oxuyan çıxıb” kimi sözlərlə qarşısını alırdılar. Yazıq bir qövmdü, bunlara elə gəlir ki, ancaq “avara, zor oğlan” təəssüratı yaratmaqla özün haqqında nəsə yaxşı fikir yarada bilərsən. Düşünürlər ki, qadından tutmuş mənsəbə qədər həyatda hər şeyi, bu məzmunsuz imiclə qazana bilərsən. Halbuki hada ilişib qaldıqlarından xəbərləri olsa, oturub ağlayarlar. Və bütün faciələrinin də səbəbini tapmış olarlar.

Baxırsan ki, əllərində təsbeh, bir normal görünüşləri yox, pul yox, savad yox. Bəs yaxşı, bu adam nə deyib belə arxayın yaşamağa, hələ bir bu boşluğu da nümayişkaranə ətrafın gözünə soxmağa çalışır. Ümumiyyətlə, varlıqlarının ilhamını ədəbsizlikdən alan, heç bir dəyər tanımayan bir təbəqə var bizdə. Küçədə, kafe restoranda, hər yerə bunu gözə soxur, mədəniyyəti boğmağa çalışır. Sən demə, onun əsasını universitet tələbələri təşkil edirmiş. Bu da bizim təhsil sistemimizin uğuru.

Bəs bu adamlar universitetə necə daxil olublar, indi orda kursdan kursa necə keçirlər ? Doğrudan, kitaba bu qədər düşmən münasibətdə olan adam necə tələbə ola bilər ? O tələbədirsə, bura dəqiq universitetdir? Və ya bura universitetdirsə, bu adamlar dəqiq tələbədir? Kitab görəndə narahat olan, kitaba sataşan, instinktiv olaraq o dəyəri alçaltmağa çalışan bu təbəqə ölkənin ən ciddi universitetinin sabah müxtəlif dövlət və özəl müəsisələrdə əhaliyə xidmət etməli olacaq kadrlarıdısa, bu faciənin özü deyil, bəs nədi?

 Yəni bunlar kitabı görüb ötüb keçə də bilərlər, ancaq sırf meymunluq eləyib, kitaba qarşı nəsə bir axmaq bir fikir səsləndirmək, hərəkət eləməyi sanki daxili bir qüvvə onlardan tələb edir. Siz bir də onların müəllimlərini düşünün. Bu müəllimlər sinif otağında bu uşaqlara nədən danışırlar? Nə öyrədirlər ? Məlum olur ki, bunların ağır-batmaq ciddi, tələbkar görünüşləri də sadəcə bir oyundu. Nazirlə, iş adamı ilə, pulla tapşırıqla işləyən avtoritar müəllimlərin tələbələri başqa necə olacaq ki ? Bu müəllimlər yüz minlərlə tələbəni sadəcə öz uşaqlarını yaxşı yaşatmaq üçün məhv etməklə məşquldular. O müəllimlərin əksəriyyəti iriçaplı məmur kimi aparır özlərini. Müəllimliyi onlar pedaqoqika deyil, bir “kontor” fəaliyyəti kimi düşünüblər hər zaman. Nəticə də göz qabağında.

Ancaq oğlanlarla vəziyyət nə qədər ümidsiz olsa da, qızlarla əksinə xeyli ümidverici idi. Yarmarkada kitabla maraqlanan, kitab alanların əksəriyyəti qızlar idi. Onsuz da qızlar bizim oğlanlardan proqresə daha meyilli olduqlarını hər tərəfli sübut eləmişdilər. Geyimləri, küçədə davranışları, özlərini aparmaqları büs bütun fərqlənirdi. Məlum oldu ki, kitab oxumaq baxımından da qızlar üstündülər. Bəlkə də elə, kitab oxumaqdan qaynaqlanırmış bütün fərq. Hətta 3 nəfər qızın pul toplayıb bir kitab aldığı da olurdu. Özü də az-çox məlumatlı olduqları da görünürdü. Görünən odur ki, kitablar, qızların ümidinə qalıb. Bizim oğlanlar kitab oxumur. 80 faizin 20 faizə nisbətdə fərq var. Ümumiyyətlə tək kitab yox, Azərbaycanda çox şey – , təhsil, mədəniyyət, dəyişim, təfəkkürdə yenilik hamısı qadınların ümidinə qalıb. Azərbaycan kişisi öz ətalətli şərq xarakteri ilə boş dəyərlərdən yapışıq nağıl dünyasında yatmaqdadı. Onun öz köhnə boz dünyası var. Mentaliteti, qoçu dünyasını tərk edə bilməyib. Qadınlar isə əksinə bütün dəyişimin önündədilər. Bu gedişlə 5,10 ilə nə boyda fərq yaranacağını təsəvvür eləmək çətin deyil. Oxuyan qadın savadlı anadır. Savadlı ana isə tərbiyəli, mədəni övlad deməkdir. Sabah onlar müəllimə də olsalar, onların yetişdirəcəyi tələbə mütləq fərqli olacaq. Görünür elə kişiləri də bu vəziyyətdən dartıb ancaq qadınlar çıxara bilər.

 Kitab, mədəniyyətinkişafın yeganə vasitəsidir. Hər şeyin bundan asılı olması o qədər aydındır ki, artıq söz deməyə ehtiyac belə yoxdu. Bu mənada kitaba, mədəniyyətə, proqresə ən yaxın qadınlardı, deməli dəyişim, inkişaf, baş verə biləcək yaxşı hər şey yalnız onların ümidinə qalıb. Özlərinin də bunu anlamış olmaları vacibdir. Necə deyərlər qadın böyük qüvvədir.

Ana səhifəMənim FikrimcəBDU-nun oğlan tələbələri…