BDU-nun əməkdaşı: “İşdən çıxartdılar, amma əmri mənə göstərmədilər”

BDU, Bakhtiyar MD/shutterstock

Lalə Əzimova: “Nazirlik ona tabe olan müəssisələrdəki qanun pozuntularına necə cavabdeh olmaya bilər?”

Bakı Dövlət Universitetinin nəzdində olan İqtisadiyyat və Humanitar Kollecinin müəllimi olmuş Lalə Əzimovanın şikayəti var.

O bildirib ki, kollecin yeni direktoru Səhər Orucova onu heç bir əsas olmadan ötən ilin sonu işdən azad edib.

Müəllimə dərs ilinin ortasında, səbəbsiz işdən azad edilməsi səbəbini anlaya bilmir.

O deyir ki, ona normal cavab da verilmir, işdən azad edilməsi ilə bağlı əmr də göstərilmir: “2000-ci ildən, 22 ildir ki, riyaziyyat müəllimi kimi çalışıram. Azərbaycan Pedoqoji Universitetini bitirmişəm. 2004-cü ildə isə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə işə düzəlmişəm. 2007-ci ildən isə kollec daxilində direktor müavini, şöbə müdiri vəzifələri yerinə yetirmişəm”.

Müəllimin sözlərinə görə, 2021-ci ilin iyununadək işi ilə bağlı hər şey qaydasında olub. İyunun 1-dən məktəbin direktoru dəyişib.

Yeni gələn direktor Səhər Orucova isə ilk gündən onunla çalışmaq istəməyib: “Gələndən məni gözümçıxdıya saldı. Ötən ildən bacım da həmin kollecə işə düzəlmişdi, pedaqogika müəllimi kimi çalışırdı. Bacımı sentyabrda işdən çıxartdı. Dedi ki, dərs saatı yoxdur. Ancaq gələndə özü ilə insanlar gətirmişdi, onlara dərs saatları verdi. Sual yaranır: əgər dərs saatı yox idisə, bunu necə etdi? Bacıma müqavilə ilə işləməsini bəhanə gətirdi. Ötən il dekabrın 14-də isə məni otağına çağırdı. Dedi ki, sizin şöbə ixtisara düşüb. Sabahdan işsizsiz”.

Lalə Əzimova bildirib ki, bu, heç bir qanuna sığmır, çünki çalışdığı şöbənin ixtisara düşəcəyi ilə bağlı heç bir xəbərdarlıq almayıb: “Mənə dedi ki, guya çalışdığım iqtisadiyyat və idarəetmə şöbəsi “qondarma”dır. Əgər beləydisə, bir insan həmin şöbədə illərlə çalışıb, necə maaş ala bilərdi? Təhsil Nazirliyinin bundan xəbəri yoxdurmu? Nazirlik ştat verib, şöbə açılıb. 22 ilin müəllimini çağırıb sabahdan işsiz olduğunu necə demək olar? Dedim, şöbə bağlanıb, o zaman dərs saatı verin, işləyim. “Heç bircə saat da yoxdur”, – deyib məni yola saldı”.

Lalə Əzimovanın şəxsi arxivindən

Lalə Əzimova hazırda çətin durumda qaldığını deyir. İşsizdir və ilin ortası heç yerdə iş tapmaq mümkün deyil.

Müəllimə deyir ki, əgər şöbə ixtisara düşübsə, ən azından onu il sonunacan müəllim kimi işdə saxlaya bilərdilər: “İlin ortasında bir müəllimi çölə atıb işsiz qoymaq heç bir qanuna, ədalətə sığmır. Bu, azmış kimi bu il məni çağırdı kollecə ki, işdən çıxma ilə bağlı akt yazım. Deyirəm, əvvəlcə mənim işdən çıxarılma ilə bağlı əmrimin sürətini verin. Bəlkə, mən işdən çıxarılmamışam. Vermir. Deyir, kadrlar tapşırıb ki, verə bilməzsiz. Beləliklə, direktor əmək kitabçamı yazıb verdi mənə. Əmrin sürəti ilə tanış ola bilmədim. Halbuki işdən çıxarılma ilə bağlı əmrini görmək hər bir vətəndaşın haqqıdır. Mənim haqqım tapdalanıb”.

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecindən Meydan TV-yə bildirilib ki, hazırda direktor işdə deyil. Ancaq Lalə Əzimovanın işdən azad edilməsində hər hansı qayda pozuntusu olmayıb.

Dərs ilinin ortasında müəllimin işdən azad olunmasına gəlincə, kollecdən bildirilib ki, onun çalışdığı iqtisadiyyat şöbəsi ləğv edilib. Bu da Təhsil Nazirliyinin əmri ilə baş tutub. Yəni prosesdə hər hansı qanun pozuntusu yoxdur.

Təhsil Nazirliyi ilə gün ərzində əlaqə saxlamaq mümkün olmayıb. Ancaq nazirlikdən Lalə Əzimovanın şikayət məktubuna cavab olaraq bildirilib ki, əgər işdən haqsız yerə çıxarıldığını düşünürsə, bu zaman məhkəməyə müraciət etməlidir, çünki belə bir hüququ var.

Lalə Əzimova isə deyir: “Təhsil Nazirliyi ona tabe olan müəssisələrdəki qanun pozuntularına necə cavabdeh olmaya bilər? Anlaya bilmirəm ki, bu, necə ola bilər də. Mən yenə məktublar yazmışam və bir ay yarımdır cavab ala bilmirəm. Belə başa düşdüm ki, fikirləri vətəndaşları dövlətdən narazı salmaqdır”.

Ana səhifəSosialBDU-nun əməkdaşı: “İşdən çıxartdılar, amma əmri mənə göstərmədilər”