İsmixan Mirzəyev Abel Məhərrəmli ilə də məhkəmə çəkişməsində idi
Bakı Dövlət Universitetində (BDU) 11 il çalışmış, rektorun müşavirini və komendantı bıçaqlamaqda ittiham olunan İsmixan Mirzəyevlə bağlı məhkəmə araşdırmaları yekunlaşıb. Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. İsmixan Mirzəyev 7 il azadlıqdan məhrum edilib.
Hökmdən əvvəl çıxış edən prokuror İsmixan Mirzəyevə 8 il həbs cəzası verilməsini təklif edib.
Onun vəkili isə əksinə, bildirib ki, məhkəmə cinayətin başvermə səbəblərini, buna gətirib çıxaran halları nəzərə almalı, İsmixan Mirzəyevə qanunda nəzərdə tutulmuş cəzanın minimum həddi təyin olunmalıdır. Vəkil bildirib ki, bu hadisənin baş verməsinin səbəbi İsmixan Mirzəyevin əmək hüquqlarının pozulması olub: “Onu başqa işə keçiriblər, bu barədə ərizəni də özü yazmayıb, sadəcə, imza atdırıblar. Əməkhaqqısı azaldılıb. Həyat yoldaşı ağır xəstəliyə tutulub. Daha sonra məcbur ediblər ki, ərizəni yaz, işdən çıx. İsmixan Mirzəyev belə bir psixoz vəziyyətdə bu hadisəni törədib. O, dəfələrlə xahiş edib ki, azaldılmış maaşı bərpa olunsun. Onu eşidən olmayıb. Onu hətta qəbul edib, dinləmək belə istəməyiblər. Onu inandırıblar ki, başqa işə keçirilməsi maaşına təsir göstərməyəcək. Beləcə, inandırıb, imza atdırıblar. Yəni bu hadisə İsmixan Mirzəyevin əmək hüquqlarının pozulması nəticəsində baş verib. Ağır həyat şəraiti üzündən psixi gərginlik yaşayan İsmixan Mirzəyev əsəblərini cilovlaya bilməyib”.
Vəkil əlavə edib ki, zərərçəkmiş şəxslər İsmixan Mirzəyevdən şikayətçi deyil, tərəflər barışıb. O, müvəkkilinin könüllü şəkildə polisə təslim olmasını, əməlindən peşmanlığını da yüngülləşdirici hal kimi vurğulayıb.
İsmixan Mirzəyev son sözündə bildirib ki, 2010-cu ildən BDU-nun təsərrüfat şöbəsində dülgər işləyib. Maaşı 250 manatdan 620 manata qədər artıb. Universitet rəhbərliyi dəyişəndən sonra maaşı da birdən-birə 250 manata qədər azalıb: “Dəfələrlə rektora müraciət elədim ki, məni qəbul eləsin, bu məsələyə aydınlıq gətirsin. Məni qəbul eləmədi. Uzun müddət borc-xərc elədim, dözdüm. Struktur dəyişikliyi oldu, bizim şöbəyə Qaçay adlı şəxs rəhbər təyin olundu. O, hadisə günü gəlib dedi ki, rəhbərlik deyir, sən işdən çıxarılmısan, ərizə yazmalısan. BDU-nun hər tərəfində müşahidə kameraları var, araşdıra bilərsiz. 40 il stajı olan şəxsi birdən-birə niyə çıxarmalıdılar? Cənab prezident də dəfələrlə yuxarı rəhbərliyə deyib ki, heç kimin haqqına girməyin, aşağı təbəqədən olan insanlarla kobud rəftar etməyin. Lakin Bakı Dövlət Universitetində belə hallar bu gün də davam edir. Hadisədən 2-3 ay əvvəl prorektor Nəbi Ramazanlıdan Yasamal Rayon Məhkəməsinə şikayət vermişdim. Onun xeyrinə qərar çıxarıldı. Rektor və prorektorun məqsədi məni uzaqlaşdırmaq idi…”
İsmixan Mirzəyev də əlavə edib ki, bu hadisə onun hüquqlarının pozulması, universitet rəhbərliyinin kobud davranışı nəticəsində baş verib.
İsmixan Mirzəyev hökmdən apelyasiya şikayəti verəcək.
İsmixan Mirzəyev Nəbi Ramazanlı ilə birlikdə BDU-nun keçmiş rektoru, sabiq deputat Abel Məhərrəmovu da məhkəməyə verib. O, ərizəsində göstərib ki, Abel Məhərrəmovun evində və obyektlərində tikinti-təmir işləri görsə də, pullarını ödəməyib. Söhbət ümumilikdə avadanlıq və görülən işlərin əvəzi olaraq, 811 min manat ödəniləsi borcdan gedir.
Nəbi Ramazanlının da cavabdeh qismində prosesə cəlb olunmasını İsmixan Mirzəyev belə izah edir ki, Abel Məhərrəmovun imarət və obyektlərinin tikintisinə prorektor rəhbərlik edirdi. İsmixan Mirzəyevin sözlərinə görə, çox vaxt danışıqlar da onunla aparılırdı, Nəbi Ramazanlı vasitəçilik edirdi.
İddia ərizəsində göstərilib ki, BDU-nin keçmiş rəhbəri paytaxt 4 mərtəbəli ev tikdirib. Həmin evin pilləkənlərinin yığılması, istilik sisteminin quraşdırılması və s. işlərin görülməsini İsmixan Mirzəyevin rəhbərlik etdiyi komandaya həvalə edib. Həmin işlər görülüb təhvil verilsə də, pulun indiyədək ödənilmədiyi bildirilir. Yaxud da Abel Məhərrəmova məxsus olduğu iddia edilən “Mona Liza” şadlıq sarayında mebel işləri gördürülsə də, ustalar hələ də əməkhaqqını ala bilmədiklərini deyirlər. Hətta Abel Məhərrəmovun Mərdəkandakı, Xaçmaz rayonunun Nabran qəsəbəsindəki bağ evlərində quraşdırılmış mebellərin, başqa obyektlərində görülən işlərin, istifadə olunan materialların də pulunun ödənilmədiyi məhkəmədə bildirilib.
Yasamal Rayon Məhkəməsi iddianı təmin etməyib.
71 yaşlı Abel Məhərrəmov 1999-2018-ci illərdə BDU-nun rektoru, 2005-2015-ci illərdə isə Milli Məclisin deputatı olub.