İsmixan Mirzəyev: “Dedim ki, vəziyyətim ağırdır, evdə xəstəm var…”
Bakı Dövlət Universitetinin (BDU) işçisi, rektorun müşavirini və təhsil müəssisəsinin komendantını bıçaqlamaqda ittiham olunan İsmixan Mirzəyevin məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyilə baxılır.
Dekabrın 23-də məhkəmədə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən İsmixan Mirzəyev özünü təqsirli bildiyini deyib. O bildirib ki, 11 il BDU-da çalışıb:
“Əvvəllər təsərrüfat maşını sürürdüm. Sonra sex vardı, ona baxırdım. Maaşım 600 idi. Universitetdə rəhbərlik dəyişəndən sonra maaşımı 400 manata saldılar. Etiraz elədim, çünki imkanım çox aşağı idi. Mənə dedilər ki, sənin işin dəyişib, başqa işə keçirəcəklər, maaşın da bərpa olunacaq. Bir müddət keçsə də, dəyişiklik olmadı“.
İsmixan Mirzəyevin sözlərinə görə, keçmiş rektorun dövründə işləyənlərdən yalnız onun maaşı azaldılmışdı. Yeni rektorun qəbuluna yazıldığını deyən təqsirləndirilən şəxsin sözlərinə görə, ona fikrini çatdırmaq istəyib. Lakin qəbula düşə bilməyib. “İki ildən sonra struktur dəyişikliyi baş verdi, universitetə təzə işçilər gətirildi. Mənim də seximə Qaçay adlı şəxsi gətirdilər. Yenə rektorun qəbuluna yazıldım, amma bu dəfə də qəbul etmədi. Bir müddət sonra məni rektorun müşaviri Mirzə müəllimə yönəltdilər. O dedi ki, bir neçə günə xəbər edəcəklər. Ertəsi gün Qaçay gəlib dedi ki, məni ümumiyyətlə işdən çıxarıblar”, – İsmixan Mirzəyev bildirib.
O, işdən çıxarılma xəbərindən sonra bir daha rektorla görüşməyə cəhd etsə də, bu dəfə də alınmayıb. Lakin rektorun müşaviri ilə görüşüb, ona ailə vəziyyətinin ağır olduğunu, açıq ürək əməliyyatı keçirdiyini, evdə xəstəsinin olduğunu deyib. Müşavir də məsələnin araşdırılacağını söyləyib:
“Lakin sexə qayıdanda gördüm ki, avandanlıqlarımı yığırlar. Hətta özümə aid avadanlıqları da vermədilər. Bıçaq itiləyən yerdən öz bıçağımı və sənədlərimi götürüb evə gedirdim. Fikirləşdim ki, bəlkə bir daha Mirzə müəllimlə görüşüm. Mirzə müəllimə dedim ki, iki ildir mənə maaşımın qalxacağına söz verirsiniz. Bir anlıq özümü itirdim, həyəcanlı vəziyyətdə bıçağı çıxarıb onu vurdum. Bu vaxt otağa Şahlar girdi. Üstümə gəldi ki, bizi ayırsın, onu da vurdum. Həmin vaxt universitetdə imtahan günü idi. İmtahan günlərində universitetdə təcili yardım da olur. Onlara yaxınlaşıb dedim ki, yuxarıda yaralılar var. Özüm də taksiyə minib getdim. Əməlimdən peşmanam. Nəzərə alın ki, mən iki il dözdüm. İmkanım yox idi, borclarım çox idi”.
BDU rektorunun maliyyə işləri üzrə müşaviri Mirzə Mirzəyev zərərçəkmiş qismində məhkəmədə dindirilib. O bildirib ki, 31 il Maliyyə Nazirliyi strukturlarında çalışıb. Hadisə baş verdiyi zaman 1 il 10 ay idi ki, BDU-da işləyirdi.
İsmixan Mirzəyevi üzdən tanıdığını, onunla iki dəfə görüşdüyünü deyən zərərçəkmiş təsdiqləyib ki, birinci dəfə ona yaxınlaşaraq, maliyyə problemləri olduğunu bildirib:
“Bildirdi ki, keçmiş rəhbərliklə bağlı da məhkəməyə müraciət edəcək. Ona dedim ki, yaranmış durumla əlaqədar rektora məruzə edəcəyəm. 2020-ci ildə yenidən yanıma gəldi, dedi ki, maaşı azaldılıb. Araşdırdım, məlum oldu ki, rəhbərlik dəyişən ərəfədə onu başqa ştata keçiriblər, maaşı azaldılıb. Özünün də razılıq ərizəsi alınıb. Ona dedim ki, struktur dəyişikliyi olacaq, yeni ştatlar açılacaq, onda başqa bir vəzifəyə keçmək şansı olacaq. Çünki onun maaşının artırılması mənim səlahiyyətlərim daxilində deyildi”.
Rektorun müşaviri deyir ki, İsmixan Mirzəyevin oğlu ilə münasibətləri daha yaxın idi. O da BDU-da təminat şöbəsində çalışırdı.
“Bir müddət sonra İsmixan yenə yanıma gəldi, rektorun qəbuluna düşmək istəyirdi. Deyirdi ki, fəhlə işləmək istəmir, əgər fəhlə kimi qalsa, öz avadanlıqlarını da götürüb gedəcək. Məsləhət gördüm ki, prorektorla danışsın. Hadisə günü göz həkimindən gəlirdim. Yanıma gəldi, əlində sənədlər vardı. Dedi ki, işdən çıxarıldığını eşidib. Bildirdim ki, bu məsələdən xəbərim yoxdur. Bu zaman yaxınlaşıb bıçaqla məni vurdu. Şahlar içəri girdi, onu da vurdu. Sonra nə baş verdiyindən xəbərim olmadı. Mənə hələ də təəccüblü gəlir ki, məni niyə bıçaqladı“.
Baş verənlərə baxmayaraq, o, İsmixan Mirzəyevdən şikayətçi olmadığını bildirib.
Digər zərərçəkmiş – universitetin komendantı Şahlar Bəgalıyev deyir ki, 1993-cü ildən BDU-da bu vəzifədə işləyir. Hadisə günündən danışan komendantın sözlərinə görə, o, otağa daxil olanda Mirzə Mirzəyevin İsmixan Mizəyevi itələdiyini görüb. Yaxınlaşıb ayırmaq istəyəndə onu da bıçaqla vurub:
“Sanki məni bıçaqlayandan sonra ayıldı“.
Şahlar Bəgalıyev də ondan şikayətçi olmadığını bildirib.
Məhkəmə prosesi yanvarın 21-də davam edəcək.