Məhkəmə hesab edir ki, ölkə Roma Statutunun tələblərini pozub
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Monqolustanı Roma Statutunu pozmaqda ittiham edib.
Oktyabrın 24-də BCM-nin yaydığı bəyanatda qeyd olunur ki, Monqolustan Putini həbs edib məhkəməyə verməkdən imtina etdiyi üçün məhkəmə ilə əməkdaşlıq tələbini yerinə yetirməyib:
“Bu da Roma Statutunun müddəalarına ziddir”.
“İştirakçı dövlətlər və məhkəmənin yurisdiksiyasını qəbul edən dövlətlər, rəsmi statusundan və vətəndaşlığından asılı olmayaraq, BCM-nin orderlərinə tabe olan şəxsləri saxlayıb ekstradisiya etməlidirlər. Monqolustan məhkəmənin öz funksiyalarını və səlahiyyətlərini həyata keçirməsinə mane oldu”, – deyə bəyanatda vurğulanıb.
Həmçinin bəyanatda deyilir ki, Monqolustanın məhkəmə ilə əməkdaşlıqdan imtinasının ciddiliyini nəzərə alaraq, BCM İştirakçı Dövlətlərin Assambleyası baş verənləri qiymətləndirəcək.
Vladimir Putin 2-3 sentyabr 2024-cü il tarixlərində Monqolustana səfər edib.
Bununla da V.Putin ilk dəfə 2023-cü ilin yazında onun həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıyan ölkədə olub.
Monqolustan neytrallıq siyasətinə sadiq qaldığını və qonşu ölkələrdən enerji asılılığı vəziyyətində olduğunu bildirərək Putini həbs etməyib.
2023-cü ilin martında BCM uşaqların Ukraynadan Rusiyaya köçürülməsinə və müharibə cinayətlərinə görə Vladimir Putin barəsində həbs qərarı çıxarıb.
Monqolustana getməsi isə məhkəmə qərarından sonraya təsadüf edib və bu, Rusiya Prezidentinin Roma Statutunu imzalayan bir ölkəyə ilk səfəridir.
Monqolustan 2000-ci ildə Roma Statutunu imzalayıb və 2002-ci ildə ratifikasiya edib.