Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, BBC-nin fəaliyyətinə xitam verilməsi “Media haqqında” qanunun 11.2 maddəsinə əsasən sonlandırılıb.
11.2-ci maddədə deyilir ki, ölkə ərazisində xarici media subyektlərinin filial və nümayəndəlikləri Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda açılır.
“Nümayəndəliyin bağlanması qərarının “BBC“ yayım şirkətinin ölkəmizdə müxbir fəaliyyətinə aidiyyəti yoxdur və 1 nəfər müxbir üçün akkreditasiya verilməsi nəzərdə tutulub. Oxşar qərarlar bəzi digər xarici media qurumları ilə bağlı da verilib”, – Ayxan Hacızadə bildirib.
Media qurumu Xarici İşlər Nazirliyindən şifahi bildiriş aldıqdan sonra ölkədəki ofisini bağlamaq barədə “məcburi qərar” verib
“BBC News” Azərbaycandakı ofisini bağlayıb.
Bu barədə “BBC” Azərbaycanca məlumat yayıb.
Bəyanatda deyilir ki, “BBC News” Azərbaycanca Xarici İşlər Nazirliyindən şifahi bildiriş aldıqdan sonra ölkədəki ofisini bağlamaq barədə “məcburi qərar” verib.
“Biz mətbuat azadlığına qarşı bu məhdudlaşdırıcı addımdan dərin təəssüf hissi keçiririk. Bu qərar Azərbaycana və bu ölkədən xəbər verilməsi fəaliyyətinə əngəl yaradacaq. “BBC”-yə bu tələb yalnız şifahi şəkildə çatdırılıb, şirkət Azərbaycan hökumətindən yazılı heç nə almayıb və bir sıra kanallar vasitəsilə məsələyə aydınlıq gətirməyə çalışıb. Bakıdakı jurnalist komandası işini dayandırıb və şirkət bu göstərişlə bağlı aydınlaşdırma aparmaqdadır. Azərbaycan dilində xəbər verməyə davam edəcəyik”, – bəyanatda deyilir.
2025-ci il fevralın 13-də hökumətyönlü KİV-də Azərbaycanda “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca”nın redaksiyalarının bağlanacağına dair məlumatlar yayılıb.
Bildirilib ki, hər iki redaksiyasının işində Azərbaycan tərəfindən tənzimləmələr ediləcək.
“Sputnik-Azərbaycan” Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərir. Bildirilib ki, “AZƏRTAC”ın Rusiyada cəmi bir müxbiri olduğu halda, “Spitnik Azərbaycan”ın Bakıda 40 nəfərdən ibarət bütöv redaksiyası var.
“Hazırda bu paritet ciddi şəkildə pozulub. Eyni yanaşma “BBC Azərbaycanca”ya da tətbiq ediləcək”, – xəbərdə deyilib.
“BBC” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir.
Azərbaycan hökumətinin FM dalğalarında xarici radioların yayımını dayandırmaq qərarından sonra 2011-ci ildən etibarən “BBC Azərbaycanca” radio yayımlarını durdurub.
Bundan sonra “BBC Azərbaycanca” onlayn fəaliyyətini genişləndirmişdi.