Ölənlərin əksəriyyətinin qadın olduğu bildirilir
BBC xəbər agentliyinin komandası araşdırma apararaq İrandakı hadisələr zamanı öldürülən 75 şəxsin kimliyini müəyyənləşdirib.
2022-ci ildə BBC-nin 100 Qadın siyahısı İranda dəyişiklik tələb edən etirazçılar da daxil olmaqla, dünyadakı münaqişələrin fonunda qadınların rolunu əks etdirir.
BBC ölənlərin şəhadətnamələrini, dəfn görüntülərini və mərhumun fotolarını tapmaq üçün rəsmi qeydlərdə, onlayn saytlarda və sosial mediada axtarış edib. Məlumatları yoxlamaq üçü ölən şəxslərin yaxınları, fəallar və hüquq müdafiəçiləri ilə danışılıb.
“Mən də çıxıb etiraz etməsən kim edəcək?” – Minoo Məcidinin ölməmişdən öncə ailəsinə söylədiyi son sözlər belə olub.
BBC yazır ki, 62 yaşli Minoo İranın qərbindək yerləşən Kirmanşah şəhərində təhlükəsizlik qüvvələri tərəfindən gülləllənərək öldürülüb. Qızının sözlərinə görə ona 167 güllə dəyib və xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Minoonun qızı Röya Pirainin öz “İnstagram” hesabında anasının məzarı başında çəkdirdiyi foto sosial mediada viral olub. Həmin şəkildə Röyanın qısa kəsdirdiyi saçları açıq şəkildə görünür.
Röya BBC-nin “100 Qadın » proqramına deyib:
“Bu sistemin nə qədər qəddar olduğunu göstərmək üçün edə biləcəyim tək şey budur”.
Röyanın anası Məhsa Əmininin həbsdə öldürülməsinə etiraz ilə başlayan aksiyalar zamanı öldürülən yüzlərlə iranlıdan sadəcə biridir.
Dövlət rəsmiləri etirazlar zamanı 300-dən çox adamın öldürüldüyünü etiraf ediblər, ancaq İran İnsan Haqları təşkilatının bildirdiyinə görə, noyabrın 29-na kimi təhlükəsizlik qüvvələri 29-u qadın və 60-ı uşaq olmaqla, azı 448 nəfəri öldürüb.
İranın insan haqları təşkilatları öldürülən insanların faktiki sayının “daha çox” olduğuna inanır.
Ölənlərin əksəriyyətinin qadın olduğu müəyyən edilib. Ölənlər arasında yeddi yaşından kiçik uşaqlar da var.
“İnanıram ki, İranda baş verənlər artıq etiraz deyil. Hər şey etirazla başladı, amma inqilab formalaşır”, – Röya bildirib.
BBC qeyd edir ki, İranda kürdlərin yaşadığı bölgələrlə yanaşı, digər etnik azlıqların məskunlaşdığı ərazilərdə ölüm nisbəti yüksəkdir.
BBC hətta İranın ən kasıb və ən mühafizəkar bölgəsindən hesab olunan Sistan və Bəlucistanda çox sayda ölüm olduğunu aşkar edib.
İnsan haqları qruplarına görə, onlar həm dini, həm də etnik mənsubiyyətinə görə ayrı-seçkiliklə üzləşirlər.
Mühafizəkarlıqlarına baxmayaraq, qadınlar son həftələr bölgənin mərkəzi Zahidanda etiraz aksiyalarına qoşulublar. İnternetdə yayılan videoda bütün bədənlərini örtən qadınların “İnqilaba doğru, hicablı və ya hicabsız” mahnısını oxuduğu görünür.
7 yaşlı Hasti Naruei də sentyabrın 30-da nənəsi ilə cümə namazı üçün Zahidanda olarkən onun başına gözyaşardıcı qaz balonu ilə vurulub.
“Amnesty İnternational” Hastinin öldüyü gün ən azı 66 nəfərin, o cümlədən 10 uşağin öldürüldüyünü bildirib. Bu, etirazlar başlayandan bəri qeydə alınan ən ölümcül gün olub. Fəallar bunu “Qanlı Cümə” adlandırıblar.
Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərindən olan 32 yaşlı Fəreştə Əhmədi öldürüldüyü müəyyən edilən üç kürd qadından biridir.
İddialara görə, Fəreştə evinin damında olarkən hökumət qüvvələri tərəfindən sinəsindən vurulub. Hökumət bu iddiaları təkzib edir.
BBC araşdırmaçılarının üzə çıxardığı rəqəmlərin və şəkillərin arxasında şok və yaslı ailələr dayanır.
İranı sağ-salamat tərk edən Röya isə anası Minoonu xatırlayır.
Amma Röya onun ölümünə yas tutmaq fürsətinin belə olmadığını deyib.
Hazırda gənc qız yeganə ümidinin İranın bir gün azadlığa çıxması və orda yaşayanların normal hayat yaşaması olduğunu bildirib.