Kəndlilər məhsul satışı problemi ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə müraciət ediblər
“Mən ştillərin əkilməsi işinə baxıram. Adətən pomidor və xiyar əkirik. Bu il də əlimizdə pomidor və xiyar ştilləri var. Ancaq maaşımız da zəhmətimizə görə deyil. Bir ay əziyyətlə işləyirəm, ən yaxşı halda 350- 400 lari pul qazanıram”.
Cabbar Əliməmmədov gürcüstanlıdır, Marneuli rayonundakı Candar kəndinin sakinidir. Lakin 7 ilə yaxındır ailəsi ilə birlikdə Şulaveri kəndinə köçüb və orda təsərrüfatda işləyir.
Gileylənir ki, öz kəndlərində torpaq sahəsi olmadığı üçün Şulaveriyə fəhlə kimi işləməyə gəlib:
“3 il gürcünün fəhləsi işləmişəm. İndi də bu sahə ərəblər tərəfindən alınıb. Kəndli ola-ola öz torpağımız yoxdur deyə onun-bunu torpağında işləyirəm. Adama pis təsir edir, öz kəndimdə başqası məni işlədir. İmkanlı şəxslər alır, biz də onlara nökər işləyirik. Bundan da balaca bir torpağım olsa, burda qazandığımdan 3 qat artıq qazanardım”.
Marneuli rayonunun Şulaveri kəndində əkin torpaqalarının yarıdan çoxunda istilikxanalar salınıb. Şülaveri elə istilikxanaları ilə məşhurdur. Az açıq sahələrdə isə kartof əkilib. Bu kənddə etnik azərbaycanlılarla yanaşı etnik ermənilər də yaşayır. Bu əkin sahələrində həm erməni, həm də etnik azərbaycanlı görmək mümkündür.
Şülaveridə torpaqların alaqlardan təmizlənməsi işini adətən qadınlar görür. Əi toxalı Marina Cəfərli deyir ki, indi alaqdan təmizlənən qara torpaqlar may ayında rəngbərəng tərəvəzlə dolacaq:
“İş çox olanda – yığım vaxtı da biz işləyirik. Tərəvəzləri taxta yeşiklərə düzürük. Günə 14-20 lari qazanırıq”.
İşçilər danışırlar ki, əvvəlki illərlə müqayisədə indi satış yaxşı olmur. Cəfər Abbaslı məhsul yığımına və satışına nəzarət edən menecerdi. Deyir ki, satışın son 3-4 ildə kəskin azalması işçilərin də maaşlarının azalması ilə nəticələnib:
“Mayın sonlarında yeni məhsul yığımı olacaq. 6 ay ərzində məhsul toplayacam. Amma hələ bilmirik hara satacağıq.
600 kvadratlıq yerdən 15 ton məhsul çıxacaq. Ötən il 30 tona yaxın məhsul var idi. Onun 18 tonunu sata bilmədik. Rusiya ilə sərhədin bağlanması satışa kəskin təsir edib. Yerli bazara da kifayət qədər məhsul satmaq olmur. Ötən il sakinlərə tonlarla məhsul payladıq. Yeşiyi 50 qəpikdən verdik. 40 min dollara yaxın ziyana düşdük”.
Gürcüstanda əsasən də istilikxanalarda yetişdirilən məhsulların təxminən 60 faizi 2008-ci ilədək Rusiya bazarlarına çıxarılırdı. Bu barədə məlumatı Gürcüstan Statistika İdarəsinin veriblər. Lakin 2008-ci ildə viza rejimi tətbiq ediləndən sonra gediş-gəliş çətinləşib.
Torpaqdan qazanc çıxarmaq istəyən Şulaverinin parnikçilərinin giley-güzarı bitmir. İstilikxanalara baxan aqronom Məmməd Əliyev deyir ki, kəndin suyu yoxdur, arxlar gəlmir, gübrə bahadı:
“Su yoxdu, çən gətirib işləyirdik, nə qədər müddətdən sonra arx qazdırdıq. Arxlar quruyanda parnikin işini ləngidir. Qara torpaqdır, yaxşıdır, münbitdir, bircə su olsa, yaxşı olardı. Üstəlik gübrə çox bahadır. Gübrəni Marneulidən alırıq, 25 kilosu 130 laridi. Mövsümdə azı 200 kilo gübrə işlədirik. Bilmirik xərci necə çıxaraq”.
Marneuli Bələdiyyəsinin sədri Elşən Həsənov deyir ki, kəndlilərin məhsul satışı problemi var və bununla bağlı danışıqlar aparması üçün Gürcüstan Xarici İşlər Nazirliyinə müraciət ediblər:
“Marneuli bölgədə ən çox əkinçiliklə məşğul olunan ərazidir. Ancaq deməliyik ki, etnik azərbaycanlılar kimi, gürcülərin də məhsullarını satmaq problemi var. Əvvəllər Rusiyaya və Azərbaycana daha çox məhsul aparırdılar. Rusiyaya viza rejiminə görə aparmaq olmur. Azərbaycan da son 2 ildə yüklü məhsul üçün yüksək vergi qoyub. Bu təsərrüfatçılara sərfəli deyil. Rusiya ilə danışıqlar aparılması üçün Xarici İşlər Nazirliyinə müraciət yazmışıq. Çünki təsərrüfatçılıqla daha çox azərbaycanlılar məşğul olur və bu, onların dolanışığına xeyli təsir edib”.