Bizim binanın kandarında balaca bir əczaxana var. Həmin dərman karxanasında orta yaşlı, babat mütaliəli, müxalif fikirli, emosional bir kişi işləyir.
Axşamüstü evə gedərkən, qəfildən kimsə qolumdan tutub uca səslə dedi ki, a bəy, xəbərin yoxdur, bizim hökumətin “sroku” çıxıb. Düzü, yüngülcə təlaşa düşsəm də, tez özümü toparlayıb gördüm ki, qolumdan tutan aptekçidir. Salamlaşıb keçdik əczaxanaya. Sən demə, kişinin ürəyi dolu imiş. Dərmanları göstərib dedi ki, bax, bu dərmanların hamısının bitmə tarixi var. Ümumiyyətlə, dünyada insan həyatı başda olmaqla hər bir şeyin sonu var. Elə bugünlər gündəmi qarışdıran üç milyard məsələsi, bizim hökümətin “sroku” çıxıb deməkdir. Ona bu fikri ilə razılaşmadığımı dedikdə, aptekçi özündən çıxdı. Dedi, yox, a bəy, bu xəmir çox su aparacaq. Sən bilmirsən, cavansan, axı məsələ üç-beş manatda deyil.
Onsuz da islanmışın yağışdan nə qorxusu? Guya bugünə qədər yüz milyard basıb yedilər, “uf” demədik, indi nuş deyəcəyik? Biz nə vaxt kimə nə demişik ki?
Söhbət odur ki, bunlar artıq oğurlamırlar, elə öz halal malları kimi xərcləyirlər. Çünki biz görmüşük oğru cilddən-cildə girər, kələk işlədər. Ta günün günorta çağı oğramaz ki. Bilirlər ki, heç kim cürət edib bunlara deyə bilməz “sən mənim canım, bir hesabat ver görək, siz ofşorlarda nə qədər pul yuyub millətə atıbsız?” Millət sözünü boşuna işlətmədim ha. Bu yuyulan pul elə gündəlik xırda-para qazanan camaatın cibindən gedir. Əmindilər ki, millət dinən deyil. Çünki artıqlamasıyla söz azadlığını boğublar. Alanı alıb, satılmayanı isə qandallayıb, ağzın “skoç”layıb atıblar zindana. Cəzasızlıq sindromu ağıllarını aparıb, düşüblər eyforiyaya. Elə bilirlər, göydə Allahdı, yerdə bunlar. Ta fikirləşmirlər ki, cəzasızlıq sindromu totalitar, avtoritar rejimlərin ən böyük düşmənidir. Bir də su çox qaldıqca iylənər. İndi də bunların üfunəti baş yarır. Qoxusu ta okeanın o tayından gəlir.
İkinci məsələ odur ki, korrupsiya, ruşvət söhbətləri dövlətin imicini, nüfuzunu geriyə aparır. İyirminci əsrin əvvəlində Şərqdə ilk Demokratik Resuplika olan ölkədə, yüz il sonra feodal idarə-üsulu hökm sürür. Xülasə, pul cəhənnəm, gəldi gedərdi, yazılan və qalan tarixdir ki, orda da bu hökumətin ucbatından adımız bədnam olacaq.
Aptekçi bunu deyib, piştaxtanın altından Azərbaycan tarixi kitabını çıxardı. Dedi: “Heç uzağa getmirəm, sən mənim canım, oxu, gör XVI əsrdə Azərbaycanın sosial-iqtisadi vəziyyəti necə olub”. Elə mən də oxuduqlarımı olduğu kimi sizinlə bölüşürəm:
“Səfəvi dövlətində ən iri torpaq sahibi şah idi. O, feodal iyerarxiyasını idarə edirdi. Münbit və gəlirli torpaqlar şaha və onun soyadını daşıyanlara mənsub idi. Dövlətdə inzibati vəzifələr gəlir mənbəyi sayılırdı. Azərbaycana gələn Avropa səyyahlarından biri yazırdı ki, burada adətən “filan vilayəti kim idarə edir?”-deyə soruşmurlar, “bu vilayəti kim yeyir?” deyə soruşurlar”.
Sonra aptekçi ilə bir xeyli çənə vurduq, hökuməti ağ yuyub, qara sərdik və mən xudahafizləşdim. Gəl ki, kişinin dediyi heç vəchlə ağlımdan çıxmırdı.
Ertəsi gün getdim “Keşlə” bazarına. Alış-veriş etdiyim vaxt gördüm, iki nəfər əlində qələm-dəftər düşüb bazarın canına. Alverçilərdən pul alıb, dəftərə qeyd edirlər. Yekəxana danışıq tərzləri, acı sözləri də öz yerində. Əlqərəz, satıcıdan soruşdum ki, sən Allah, mənə bir deyin görüm bu qoluzorlu, səsi qalın gədələr kimdir? Satıcı dedi ki, bunlar vergiyığandı.
Bazarda satıcılar iki kvadrat metr ölçüsü olan piştaxta üçün hər gün üç manat pul verirlər. Əlavə bazara girən hər meyvə yeşiyinin qiyməti 20 qəpikdir. Bu qiymət meyvənin növündən asılı olaraq dəyişir. Yəni, banan, armud, alma, pomidor, xiyar, nar ilə dolu meyvə yeşiklərinin qiyməti müxtəlifdir. Məsələn, bir yemiş-qarpız çuvalı bazara 50 qəpikdən daxil olur. Bunlardan əlavə hər həftə bazarda adı olub özü olmayan laboranta (baytar həkim) iki manat ödəyirlər. Həftədə bir manat yığırlar bazarın qarovulçu və xadiməsi üçün. Maraqlısı odur ki, cəmi alınan pulun əvəzinə vergi yığanlar satıcılara hər hansı kağız, qaimə-falan vermirlər. Eləcə dəftərə bir quş qoyub keçirlər. Soruşdim ki, bəs qadan alım, bu yığılan pul hara gedir? Hamı bir ağızdan dedi bilmirik. Heç xəbərimiz yoxdur. Deyilənləri eşidib barmağımı dişlədim. Sən demə, dünən aptekçi özünə havayıdan əl qatmayıbmış.
Eləmədim təmbəllik, durub getdim Dərnəgül bazarına. Şəhərin tikinti materialları satılan ən iri obyektinə. Köhnə dostum bu bazarda on ildir alver edir. Necə deyərlər, həm ziyarət, həm ticarət.
Dostum məni şadyanalıqla qarşılayıb, pürrəngi çay süzüb, başladı, nə başladı. Dedi, dükanın bütün qəbzli vergisini ödədikdən sonra, hər ay mütləq bir əlidəftərli şəxs peyda olur. Eləcə girib, beş-on saniyə dükanı gözdən keçirib alacağı məbləği deyir. İşdi dükan iridirsə, məbləğ də böyük olur. Amma ola bilər ki, gələn ay həmin dükandan az məbləğ istəsin və yaxud da əksinə. Bir sözlə, kişinin kefi nə istədi, odur. Bu pul yığmaq mərasimində mistik olan odur ki, pulun kimə, hara getdiyini bir Allah bəndəsi bilmir. Dostum dedi: “Bir kərə özümüzü toparlayıb verdik qabağa ki, bəs daha qəbzsiz heç kimə pul-para verən deyilik. Elə onu demişdik ki, həmin vergi yığan növbəti ay məbləği iki dəfə artırdı. Pulu verə bilməyənlərin obyektini bağladıb, qalanlardan deyilən məbləği yığıb səssiz-səmirsiz qeybə çəkildi”.
Beş aşağı, beş yuxarı ölkənin hər sahəsi belədir. “Kölgə iqtisadiyyatı” tüğyan edir. İstər təhsil sistemi olsun, istərsə səhiyyə, fərq etməz, ucdantutma hamısı dəftər gəzdirənlər tərəfindən idarə olunur. Bakının istənilən məhləsində eyvanlarda artırmalar var. Həmin o əlavə artırmaların bir kvavdratmetri üçün icazə qiyməti, binanın yerləşdiyi ərazidən asılı olaraq dəyişir. Mərkəzə yaxın olan ərazilərdə 3-4 min civarında olur. Tikinti zamanı bütün idarələrdən (işıq, su, qaz, FHN, icra hakimiyyəti, MİS, şəhərsalma, abadlaşma, polis idarəsi) mütləq bir nəfər əlidəftərli gəlib “quş” qoymalıdır. Əks halda min cür bəhanə ilə ev yiyəsinin başına olmayan oyunu açacaqlar. Beləliklə, ölkədə xırda baqqal dükanından tutmuş ta iri müəssisələrə, marketlərə, dükanlara, bağça və məktəblərə, aptek və klinikalara, bazar və obyektlərə əli dəftərli vergi yığanlar gəlir. Bir vaxtlar hökumət “bazar iqtisadiyyatı” deyib durmuşdu, indi isə ortada olan bazar siyasətidir.
Bu miqdarda yığılan çirkli pul isə mütləq yuyulmalıdır. Özünü respublika adlandırıb həqiqətdə isə ölkəni feodal sistemi ilə idarə edəndə, etdiyin çirkinlikləri bəzəməyə məcbursan. Hətta rüşvət və korrupsiya yolu ilə olsa belə.
Lakin çirkinliyi pulla yumaq fayda vermir. Çünki hökumət iylənmiş sistemi yumaq əvəzinə çirkli pulları yuyur.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.