Yaxud bayraq olmaq, dirəksiz və bayraqsız
Məşum 2013-cü ilin oktyabrı… İlin əvvəlindən bəri yaşanan siyasi repressiyalardan qısa müddət sonra keçiriləcək prezident seçkilərində müxalifətin vahid namizədi olan Cəmil Həsənlinin televiziyadakı seçki debatları zamanı hakimiyyətə qarşı etdiyi “alovlu” çıxışlar, ard-arda gələn həbslərlə sarsılmış müxalifətin sönmüş ümidlərini közərdəcək kimi təsir bağışlayır. Daha əvvəl namizəd olacağı bildirilən dramaturq Rüstəm İbrahimbəyovun sanki altsheymer xəstəsiymişcəsinə ikili vətəndaşlıq daşıdığını unutması və “fərasətli uşaq” olaraq hamını aldadıb Rusiyadan gəlməməsindən sonra Cəmil Həsənli İctimai tv arenasında xalqın qladioatoruna çevrilib… Cəmil Həsənlini “Facebook”da Çe Qevaranın məşhur monoxrom portreti ilə təsvir edən kim, debatlardakı çıxışı zamanı dediklərini, “300 Spartalı” filminin baş tarixi personajı Leonidin dediklərinə əvəzləyərək videomontaj hazırlayan kim; ”Bu hakimiyyət getməlidir!” Getmədi… Hələ də domokl qılıncı kimi başımızın üstündədir. Hələ ki.
Həmin vaxtlar heç bir siyasi çevrə ilə əlaqəm olmasa da, bir müddətdir ki, sosial şəbəkədə olan siyasi prosesləri yaxından izləyirəm və internet artıq təkcə futbol azarkeşliyinə vaxt sərf etdiyim bir şey olmaqdan məni daha da siyasiləşdirən vasitəyə çevrilib. Seçki məsələsi ilə bağlı demək olar ki, hər gün nəsə bir post paylaşıram. Öz cəsarətli sözləri ilə məni də qaza gətirmiş Cəmil Həsənlinin odlu-alovlu dəstəkçilərindən birinə çevrilmişəm. Bəli, hələ ki, sadəcə adi bir demokrat müxalifətçi mərhələsindəyəm və demokratların “yorğun düşərək” mənim “anarxistliyə yuvarlanmağıma” səbəbiyyət verəcəkləri vaxta bir az daha var. Seçkinin yaxınlaşdığı hər keçən gün mənim siyasi entuziazmımı daha da artırır və müxtəlif aktlar fikrinə düşməyə vadar edir. Mən ki siyasi çevrədən heç kimi tanımıram. Nə etməli? Hələ tərk etmədiyim futbol fanatlığı beynimdə lampa yandırır. Bir neçə gün sonra evimin yaxınlığındakı stadionda xalqın olmayan “xalq komandası” “Neftçi” artıq son turların keçirildiyi ölkə çempionatı çərçivəsində Qarabağsız “Qarabağ” komandasını qəbul edəcək. Necə yəni? Axı hər ikisi də azarkeşlərinin yox, hakimiyyətin təmsilçisi olan oliqarxiyanın nəzarətindəki bu klublar arasında keçiriləcək futbol matçıyla siyasi müxalifətin namizədi, xalqın adamına çevrilməkdə olan Cəmil bəy Həsənli arasında nə əlaqə qurmaq olar? Olar, axı Saymon Kuperin də yazdığı kimi, “futbol sadəcə futbol deyildir”.
Çox gözləmədən özümü tikinti materialları dükanlarından birinə verirəm və biri qırmızı, digəri qara rəngli iki balon aerozol boya alaraq evə qayıdıram. Şkafı eşələyib evdəki ağ örtüklərdən birini tapıram və onu lazım bildiyim ölçüdə kəsib- biçərək siyasi sloqanımı yazacağım banner parçasını hazırlayıram. Yazılacaq şüar üçünsə çox da fikirləşməyə ehtiyac yoxdur, axı mən xalqın olmayan “xalq komandası” “Neftçi”nin azarkeşiyəm, siyasi olaraq isə Cəmil Həsənlinin… Qırmızı və qara rəngli şüarı ağ parça üzərinə püskürdərək yazıram: “Xalqın komandası “Neftçi”, prezidenti Cəmil!” Ax, səni! Xalq üçün tiryək neçəyədir?
Oyunun başlamasına az qalıb. Evdən çıxarkən siyasi şüar yazdığım bannerimi kamuflyaj məqsədi ilə bir neçə il əvvəl atributlar satılan mağazadan aldığım “Neftçi” bayrağının üzərinə çəkirəm ki, tribunaya girərkən ilk baxışdan diqqət çəkməsin. Stadiona yollanıram və “Neftçi”nin fan klubunun olduğu tribunaya keçirəm, banneri klubun bayrağı görünəcək şəkildə kürəyimə asmışam. “Neftçi” bayraqlı daha bir azarkeşin gəldiyini görən fanatlar məni səs-küylə yanlarına səsləyirlər. Tribunanı meydandan ayıran hasara yaxınlaşıb cəld bir şəkildə arxasında Cəmil Həsənliyə dəstək siyasi şüarı yazılmış banner olan bayrağı çevirirəm və şüar üzü meydana olacaq şəkildə hasardan asıram. Sonra azarkeşlərin yanında yer alaraq adi bir fanat kimi “Neftçini” dəstəkləməyə başlayıram. Amma bütün fikrim sərsəm Bakı küləyinin yerindən qoparmağa çalışdığı bannerimdədir. Külək onu yellədir və şüarın tam görünməsinə mane olur. Birdən stadionun nəzarətçilərindən olan hərbi geyimli bir oğlanın bir neçə dəfə bannerin qarşısından keçərkən ona diqqət kəsildiyini görürəm. Kamuflyaj hərbi geyimdəki oğlan mənim futbol klubu bayrağı ilə kamuflyaj etdiyim siyasi şüar yazılmış bannerdə nə qeyd olunduğunu aydınlaşdırmağa çalışır. Amma deyəsən alınmır, ya o idiotdur, ya da sadəcə bayrağı yellədən külək işləri korlayır. Yaxud Cəmil Həsənlinin alovlu çıxışları onun da ruhunu coşdurub və o, “Neftçi” azarkeşlərini satmaq istəmir. Axı diktaturada hər kəsin hər şeydən xəbəri var. Hətta ən cahillərin də. Nə isə, oyunda fasilə elan olunur və mən tez yaxınlaşıb banneri yerindən çıxarıram ki, növbəti taymda daha sağlam şəkildə asım. Bayraq kürəyimdə bayırda gəzişərək ikinci hissənin başlamasını gözlədiyim vaxt fanklub üzvlərindən biri məni səsləyir və bannerə nə yazdığımla maraqlanır. Göstərirəm və dostumuzun gözlərində sanki bir an içində Kürdəxanı türməsinin soyuq kamerasının qapısı açılır: “Bizə nə var kim seçiləcək, kim yox? Bizə nə Cəmildən? Telefon nömrəni ver, sabah hansısa jurnalist “Neftçi” azarkeşləri Cəmil Həsənlini dəstəklədi desə, cavabını sən verəcəksən! Biz müxalifətçilərlə maraqlanmırıq, biz anarxistik!”
Açığı yerli “anarxistlər” ilə tanışlığımın siyasətə qarışmayan və tum çırtlayaraq ehkam kəsən bir qaqaşın simasında baş tutması gələcəkdə özümü anarxizm ideologiyasına qapdırmağıma mane olmalıydı kimi düşünmək olar, amma həmin gün Cəmil Həsənli dəstəkçiliyimə baxmayaraq, əsl anarxistliyi edən mən idim, necə deyərlər, onlarınkı “əsl anarxizm” deyildi…Mən dostumuza, siyasətə qarışmadığı halda anarxist necə ola bildiyini soruşduqda cavab verdi ki, bəs guya onlar iki gün əvvəl Qüdrət Həsənquliyevin seçki mitinqi zamanı hansısa “zibil qaynadıblar”. Nə deyəsən, peyk müxalifətə də elə fake anarxistlər “qənim olar”. Aksiyam fiasko ilə nəticələnmişdi. “Cinayət aləti” bannerimi müsadirə edirlər, Neftçi bayrağımı da götürüb evə qayıdıram.
***
2017-ci ilin noyabr ayının son günlərindən biri. Kürdəxanı türməsinin gələcək olan soyuq qışı qarşılamağa hazırlaşan iki nəfərlik kamerası. Kameradakı adam stadionda siyasi şüar açmaqdan qorxan və tum çırtlayan apolitik “anarxistlər”dən deyil artıq… 10 il həbs cəzasına məhkum edildikdən sonra məni beş nəfərlik olan istintaq altındakıların kamerasından ayıraraq, “zek”lər üçün nəzərdə tutulan kameralardan birinə köçürüblər. Bura kiçik və soyuqdur. Artıq iki kamera yoldaşımı yola salmışam cəzaçəkmə müəssisəsinə. Onlardan biri etdiyi əməldən sonra – “vəzifə borcunu yerinə yetirdiyinə görə” təltif olunduqdan doqquz gün sonra həmin hadisəyə görə qəsdən adam öldürmə ilə ittiham olunaraq 12 il həbs cəzası alıb, 12 sayılı kolona göndərilən vətənpərvər, bayrağını sevən matros Rəsuldur… İki gündür ki, təkəm. Fikirləşirdim ki, tək qalmaq heç bir çətinlik törətməz. Amma artıq ikinci günün sonundan etibarən divarlar üstümə gəlməyə başlayır və əvvəllər yaşamadığım imtina olunmuşluq və heç kimə gərək olmadığım hissini yaşamağa başlayıram. Tək təsəlli verən, özümü içində ancaq ümidin qaldığı Pandoranın qutusundakı ümid saymağımdır. Nəyin, kimin ümidi idim? Fərq etməz. Kameradakı təkliyin üçüncü günü artıq növbəti kamera yoldaşımı qarşılayıram. O, 2 saylı kolondan gəlib, ali məhkəməyə çıxmaq üçün. Təxminən yarım il sonra mən də eyni kolona göndəriləcəkdim.
Tanış olmağa başlayırıq. Məhkum yoldaş Gəncədəndir. Dələduzluq maddəsi ilə məhkum edilib və artıq beş ildir ki, “içəridədir”. Həbsdən əvvəl Bakıda yaşayıb və ticari işlərlə məşğul olub. Bir nəfərdən aldığı 60-70 min manat pulu qaytara bilmədiyinə görə borclu olduğu şəxs onu şikayət edib və o, dələduzluqda ittiham olunaraq həbs cəzası alıb. İki nəfərlik kamerada söhbət bitməz. Odur ki, bir-birimiz haqda, niyə burda olduğumuz barədə daha təfərrüatlı maraqlanırıq. Niyə burda olduğumu bildikdə, bunun haqda “zon”da eşitdiyini deyir. Onu da deyir ki, bu kameraya gətirilərkən əməkdaşlar ondan müxalifətçilərlə problemi olub-olmadığıyla maraqlanıblar. Mən də onunla daha təfərrüatlı maraqlanıram. Yeni kamera yoldaşım danışır ki, borca düşməsinə səbəb 2010-cu ildə açılışı olan və bu gün bayraq gününü bayraqsız və dirəksiz qarşılayan dünyanın ən hündür dirəkli bayrağını hazırlamaqla bağlı işə girişməsidir. Bayrağın hazırlanması ilə bağlı ilk əvvəl onunla razılıq əldə olunsa da, daha sonra hansısa millət vəkilinin nəzarətində olan tekstil fabriki onu bu məsələdən çıxdaş edib və işi öz monopoliyasına alıb. Dostumuzsa ticarətin qəddar qaydaları gərəyincə bu hadisəylə ardı gələn zəncirvari problemlər nəticəsində “bankrot” olub və borclu qaldığı şəxsə pulu ödəyə bilməyib. Artıq olmayan dünyanın ən uzun bayraq dirəyi onu Kürdaxanı türməsinin kamerasına qədər dirəyib. Daha sonra deyir ki, olduğu “zon”da asılan bayrağı da o həbsxana rəhbərliyinə hədiyyə edib. Hətta buna görə ordakı kriminal “voravskoy”larla da arasında konflikt yaranıbmış ki, bu aləmdə bayraq zad yoxdur, sən cinayətkar ola-ola həbsxanaya niyə bayraq verirsən…
Mən bayraq ticarətinin daha əvvəlini, necə başladığını soruşuram ondan, deyir ki, şəhərdə sırf bayraq, atribut mağazasını ilk o açıbmış. Harda yerləşdiyini soruşuram, deyir filan küçə. Bir anlıq duruxuram. Onu bayraq ticarətindəki uğursuzluğu Kürdaxanı türməsinə göndərmişdi.
Məni isə bu kamerada onunla qarşılaşdıran etdiyim “anarxistlik” idi. Hansı ki, illər əvvəl infantil bir ümidlə “xalqın adamı” hesab edərək müxalifətin namizədinə dəstək şüarı yazdığım bannerlə başlamışdı. İndi türmə kamerasında qarşımda duran bu adamdan illər əvvəl alıb “Neftçi” bayrağının arxasına gizlətdiyim siyasi şüarla.