Ermənistanla Azərbaycan arasında sərhəddə ötən həftə qəfil baş vermiş hərbi toqquşmalardan sonra müxtəlif ölkələrdə yaşayan ermənilərlə azərbaycanlılar arasında növbə ilə münaqişəli vəziyyətlər yaranıb.
«Ərik müharibəsi»
— Rusiyada ötən həftə Moskvanın “Fud Siti” bazarında ermənilərlə azərbaycanlılar arasında baş vermiş münaqişəni bu cür adlandırırlar. Bu bazar Azərbaycandan olan biznesmenlərə – Qod Nisanova və Zarax İliyevə məxsusdur. Cümə günü bazarın rəhbərliyi ermənilərin uzaq məsafəyə sürən yük maşınlarına kompleksin ərazisinə girməyə icazə verməyib. “Fud Siti”nin müdiriyyəti öz qərarını “təhlükəsizliyin təminatı” kimi izah edib.
“İçində tez xarab olan mallarla dolu 50-dən artıq furu – əsasən ərik və gilasları – durulducu çənə göndərməli olduq. Ərzağın bir hissəsini xilas edə bildik – onları Moskvanın digər ticarət mərkəzləri, məsələn, “Buxta” bazarı qəbul etdi. O, etnik erməni biznesmeni Samvel Karapetyana məxsusdur”.
“Novaya qazeta” müstəqil Rusiya nəşrinin yazdığına görə, “ərik müharibəsi”nin izləri bazarda gözə dəymir. Millətlərarası münaqişənin nəticələrindən yalnız erməni mağazalarında lövhələrin yerli-dibli olmaması, səsgücləndiricidən reklam səsinin duyulmaması xəbər verir. Ermənistandan idxal edilən malların satıcıları satışın kəskin düşməsindən şikayətlənirlər. Hərçənd onlar təsdiqləyirlər ki, qalan məqamlarda bazar müdiriyyəti yetərincə nəzakətlidir, qonşu pavilyonlardakı azərbaycanlı həmkarlarla da münaqişə yoxdur: “Bütün millətlərdən olan adamlarla işləyirik, bunun heç bir önəmi yoxdur”.
Azərbaycanlı satıcılar da təxminən eyni şeyi söyləyirlər.
Erməni furları ilə baş vermiş olayın ertəsi günü Moskva Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemerok bəyan edib ki, “Fud Siti”də erməni mallarının satışı ilə bağlı artıq heç bir problem yoxdur. Münaqişənin nizamlanması haqda Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan da xəbər verib. Hərçənd onun söylədiyinə görə, problem sonadək çözülməyib:
“Bizim vəzifəmiz bu ticarət mərkəzinin ərazisində Rusiya qanunvericiliyinin hökm sürməsinə nail olmaqdır. Bəli, hələ ki sakitlikdir, amma əgər sahibkarlarımız ora yenidən mal göndərərlərsə, fasiləsiz işin təmin edilib-edilməyəcəyini bilmirik”.
Cümə günü Ermənistandan və Azərbaycandan olan adamlar Londonda dalaşıblar. Toqquşma Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin binasının qarşısında baş verib. Azərbaycan KİV-i xəbər verir ki, ermənilər etiraz aksiyası keçirən azərbaycanlılara hücum çəkiblər. Ermənistan KİV-i yazır ki, davaya azərbaycanlılar təhrik ediblər.
İyulun 21-də azərbaycanlılarla ermənilər arasında Los-Ancelesdə, ABŞ-da toqquşma baş verib. Azərbaycan konsulluğunda zərərçəkənlər barədə xəbər veriblər – polis əməkdaşı və yeddi azərbaycanlı travma alıb. Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun əməkdaşının “Kavkazski uzel”ə verdiyi xəbərə görə, dava mitinqin azərbaycanlı və erməni iştirakçıları Dağlıq Qarabağ haqqında şüarlarla mübadilə edəndən sonra başlayıb.
İyulun 22-də Kişinyov polisi Ermənistanın Moldovadakı səfirliyinin qarşısında baş tutmuş mitinqdəki münaqişənin qarşısını ala bilib. Daha sonra Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bəyanat verib və Moldova siyasətçilərini ermənipərəst mövqedə günahlandırıb. Onun sözlərinə görə, Ermənistanın maraqlarının müdafiəsinə aşkar şəkildə hakim Sosialist Partiyasından olan deputat Qayk Vartanyan və Moldova Prezidentinin müşaviri Ernest Vardanyan qalxıb.