Bayraq Meydanının sabiq rəisinin məhkəməsi başladı

Onların mənim kimi rəisləri var idi

Source:
Rəşad Məmmədov
Rəşad Məmmədov


Onların mənim kimi rəisləri var idi

İyunun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun məhkəmə prosesi başlayıb.

Meydan TV əməkdaşının məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib. Prokuror Ramazan Hadıyev ittiham aktını elan edib. İttihama münasibət bildirən Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov özlərini təqsirli bilmədiklərini, A. Məmmədov isə özünü təqsirli bildiyini deyib.

Hər zaman prezidentə, vətənə, bayrağa sadiq əsgər olmuşam

Daha sonra prosesdə Rəşad Məmmədov ifadə verib. O, 2011-ci ildə prezident İlham Əliyev tərəfindən Bayraq Meydanı Kompleksi İdarəsinə sədr təyin edildiyini deyib: “Bizim işimiz bayrağın təbliği və meydan ətrafında abadlıq işlərinin həyata keçirilməsindən ibarət idi. Mən vəzifəyə gələndə kifayət qədər maliyyəm var idi. İşçilərimlə hər zaman bir ailə kimi olmuşam. Onlara bonus da, mükafat da vermişəm. Zabil Salmanovu İsfəndiyarın vasitəsi ilə tanımışam. Mən onun obyektini ailəm üçün almışam. Orada haramlığa yol verə bilməzdim. Sonradan Zabil bizi məhkəməyə verdi və kompensasiya tələb etdi. Həmin kompensasiyanı ödəməyi də İsfəndiyar boynuna götürdü. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, sonra Avropa Oyunları kimi yarışlar Bakıda keçirilməli idi. Həmin yarışların böyük bir qismi də Bayraq Meydanının ərazisində keçirilməli idi. Bu gün Bayraq Meydanı Azərbaycanın ən gözəl yerlərindən biridir. Hansı ki, həmin idarə yaradılanda bizim oturmağa da yerimiz yox idi. Mən bir Azərbaycan oğlu kimi hər zaman prezidentə, vətənə, bayrağa sadiq əsgər olmuşam və olacağam da”.

İsfəndiyara 6 milyon vermişəm

Daha sonra R.Məmmədov sualları cavablandırıb. O, prokurorun suallarına cavab olaraq bildirib ki, idarənin strukturu Nazirlər Kabinetinin qərarı əsasında müəyyənləşdirilib. O, işçilərin kart vasitəsilə maaş aldıqlarını deyib. R.Məmmədov qeyd edib ki, həyat yoldaşının xalası Xuraman Qasımova onların idarəsində baş mühasib, həyat yoldaşı isə idarənin kommunal xidmətlər şöbəsində çalışıb, həyat yoldaşı iki dəfə analıq məzuniyyətinə çıxıb: “Qaynım Azər Əsgərov beynəlxalq şöbədə çalışıb. Onun işi xarici qonaqları qəbul etmək, bayrağı təbliğ etmək və ərazidə aparılan işlərə nəzarət etməkdən ibarət idi. Onların maaşları ştat cədvəlinə əsasən maliyyə idarəsi tərəfindən hesablanırdı. Xuraman Qasımova isə otuz ilin mühasibidir. İşini bilən insandır. İsfəndiyar İsfəndiyarovu və Arzu Məmmədovu 2013-cü ildə tanımışam. Qaynım Azər Əsgərov demişdi ki, bizim binanın altında üç obyekt satılır. Mən də həmin obyektləri almaq üçün İsfəndiyara 6 milyon vermişəm”.

Prokurorun “Sizin işçiləri maraqlandıran nə idi ki, iş vaxtından sonra da qalıb işləyirdilər” sualına cavab olaraq R.Məmmədov bildirib ki, onlar vətənpərvər insanlar idilər: “Onların mənim kimi rəisləri var idi. Görürdülər mən işə necə can yandırıram. Onlara arxa durmaq üçün hər şey edirdim”.

Yetiməm, heç kimim yoxdur

Prokuror bildirib ki, qanunla yaxın qohumların bir yerdə çalışması yolverilməzdir: “Siz bilirdinizmi ki, bu, düzgün deyil?”

R.Məmmədov isə suala sualla cavab verib: “Necə yəni mən həyat yoldaşımla bir yerdə çalışa bilmərəm?”

Hakim isə buna etiraz edib. Bildirib ki, təqsirləndirilən şəxs prokurora sual verə bilməz. Hakim Əlövsət Abbasov bildirib ki, bütün qohumlarını yanına yığıb. R.Məmmədov isə hakimdən üzr istəyib. Hakim isə bildirib ki, onu bağışlamaq səlahiyyəti yoxdur.

Daha sonra prokuror Ramazan Hadıyev ondan Zabil Salmanovun obyekt satmasını haradan bildiyini soruşub. O, isə bunu qaynı Azər Əsgərovdan eşitdiyini deyib: “Azər dedi ki, bizim evin altında obyektlər satılır. Mən də razılaşdım və 6 milyon pulu İsfəndiyara verdik”.

Prokuror ondan obyektləri nə üçün başqa bir adamın adına almasını soruşub: “Məsələn, mən maşın alanda öz adıma alıram”. Buna cavab olaraq R.Məmmədov bildirib ki, onun heç kimi yoxdur: “Mən yetiməm. Heç kimim yoxudur”.

Hakim Əlövsət Abbasov isə bildirib ki, obyektlər əvvəlcə Arzu Məmmədovun adına, sonra Rəşad Məmmədovun qayınanasının adına, daha sonra başqa bir nəfərin adına rəsmiləşdirilib. R.Məmmədov bunun səbəbini xatırlamadığını deyib.


Arzu Məmmədov mənim etibar etdiyim bir adam olub

Daha sonra prosesdə İsfəndiyar İsfəndiyarov ifadə verib. O, bildirib ki, Zabil Salmanova məxsus obyekti almaq üçün vasitəçilik edib: “Azər Əsgərov demişdi ki, həmin obyektləri almaq üçün 6 milyon manat pul verəcək. Həmin məbləğə sənədləşmə və digər məsələlər də daxil idi. Biz də razılaşdıq. Mən alqı – satqıda hər zaman öz adımla çıxış etmişəm. Heç kim bilmirdi ki, həmin obyektləri kim alır. Arzu Məmmədov mənim etibar etdiyim bir adam olub və ancaq pul gətirib-aparmaq işinə baxıb. Heç nədən xəbəri olmayıb. Rəşad Məmmədovu 2012-ci ildən tanımışam. Əvvəllər heç bir münasibətimiz olmayıb”.


Məhkəmə prosesi iyunun 7-də davam edəcək.

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib. Həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib.

Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.

 Martın 4-də A.Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon Məhkəməsinə etdiyi müraciətə baxılıb. Müraciətdə o, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. Səbail rayon Məhkəməsi onun xahişini nəzərə alıb və barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb.

R. Məmmədov Cinayət Məcəlləsinin 178-ci(dələduzluq), 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən, digər təqsirləndirilən şəxslər isə 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunurlar.

Ana səhifəXəbərlərBayraq Meydanının sabiq rəisinin məhkəməsi başladı