Göyçay sakinləri ağır güzərandan gileylənirlər
Yeni il öncəsi ölkədə qiymət artımı ilə bağlı şikayətlərə tez-tez rast gəlinir. Hər bayramqabağı qiymət artımı Azərbaycanda artıq ənənəyə çevrilib.
Digər bölgədən olan sakinlər kimi, göyçaylılar da rayon bazarındakı qiymət artımından narazıdırlar.
Meydan TV-yə danışan Hicran Abdullayeva da bayram öncəsi Göyçay bazarına üz tutan alıcılardandır.
O da digər alıcılar kimi qiymət artımından gileylənir:
“Nə yaxşı ki, bir ay öncə qoz, şabalıd, yağ, düyü almışdım, yoxsa indi 200 manatdan çox xərci çıxacaqdı. Oğlum dedi ki, ay ana, nə yaxşı ucuz vaxtı aldın. Bayram siyahısına 350 manat bəs eləmir. Yaxşı bazarlığı edir məmurlar, polislər, bir də həkimlər”.
“Millətin qəsdinə durublar”
Göyçay sakini Etibar Nəzərov isə deyir ki, neft-qaz ölkəsində belə bahalaşma insanlığa qəsddir:
“Neft, qaz ölkəsində hədsiz çətinlik içində yaşayırıq. Öz bağımın məhsulunu gətirmişəm ki, satım, bazarlıq edim. Sata bilmirəm. Ötən il yaxşı sort narı 15-20 manata satırdım. İndi 10-15 manata satıram. Hətta 7-8 manata qədər aşağı salıb satıram ki, mövsüm meyvəsidir, yesinlər. Xurmanı ötən il üç manata, bu il iki manata satıram. Gün ərzində bir nəfər nar alıb, o da daimi alıcıdır. 30 manat pulum var, evdə deyiblər ki, lampa, dörd çörək, meyvə al. Dedim ay bala, gedim ərzağı alım birinci, meyvə yeməsən də, olar. Bazarda alver edib gedib marketdən ərzaq alanda elə bilirəm pulu itirdim. Çünki ərzaq çox bahadır. Un, qənd, çay, düyü, şəkər tozu, yağ işıq sürətilə artır. Ət, quş əti də bahadır. Millətin qəsdinə durublar, qiymətləri ayda yox gündə qaldırırlar. Bununla necə bayram edək?”.
“Çoxu gəlib nisyə alır”
Rayonun köhnə bazarında meyvə-tərəvəz və çərəzdə 1-2 manat bahalaşma müşahidə olunur, ancaq alıcı azdır.
Yaşlı satıcı Rafiq Əhmədov deyir ki, yoxsulluq üzündən bayram bazarlığı artıq nisyə edilir:
“Məhsulları nisyə alıb piştaxtaya qoymuşuq, indi də alıcı gözləyirik. Alıcımızın da çoxu pensiyaçılardır. Onların da pensiyası, sosial müavinəti verilməyib. Çoxu gəlib nisyə alır. Sata bilməsəm, qaytarıb məhsul sahibinə verəcəyəm. Dövlətdən evimə 1 manat pul girmir. Üç nəvəm var, “baba” deyib durur. Bu il lap ağırdır, bazar ölüb. Əvvəllər ildə 1-2 ton məhsul satırdım, son vaxtlar 70 kiloqram məhsul sata bilməmişəm. Yaxşı Qəbələ şabalıdı 9 manatadır. İranın yolu bağlıdır deyə kişmişlər bahadır. Əvvəl torbasını 35 manata alırdım, indi 55 manata alıram. Üstünə qoyub satanda da alıcı qaçır. Qozu 15 manata alıb, 16 manata satıram. Yer fındığını 5 manata alıb 6 manata satıram. Badam 16-17 manatdır. Deputat 5-6 min manat maaş alır, 40 ilin müəllimi 350 manat pensiya. Çoxunun da gəliri yox. Gəl indi dolan”.
“Belə dolanışıq olmaz…”
Təzə bazarda da satıcı çox, alıcı azdır. Deyilənə görə, alıcı azlığı isə maaş və sosial müavinət ödənişlərinin gecikməsi ilə bağlıdır.
Satıcı Rövşən İsmayılov deyir ki, bütün meyvə və çərəzlərdə qiymət artımı var:
“Alıb oradan üstünə 30-50 qəpik, bəzən bir manat qoyub satırıq. Kivi, banan, pomidor, xiyar 3-5 manatadır. Ən bahalısı bunlardır. Alıcılıq çox aşağıdır. Həmişə ayın 25-də bazar canlanırdı. İndi gecikib deyə alıcı yoxa çıxıb. İnsanlar pensiyaya, maaşa, sosial müavinətə göz dikib. Məqsədli şəkildə edirlər ki, alıb bazara qaçsınlar, onu da, orda qoyub getsinlər. Sabahdan qiymətlər daha da baha olacaq. Yoxsullaşıb, pul yoxdur camaatda. Pul olsa adamların yüzü soruşub beşi almaz, pul olsa adamlar 2-3 kiloqram alar, daha 200-500 qramla yox. Deyir ki, ondan yarım kilo, bundan üç dənə qoy. Adamlar var qramla alır ki, süfrəsi bayram süfrəsinə oxşasın. Uşağının gözünü yığsın. Belə dolanışıq olmaz. Əsəb, stress də dözmür artıq”.
“Çox ailədə gəlir yox, pensiya yox”
Məhsulların üstündəki qiymətlərdən görünür ki, meyvə tərəvəz əsasən, 1-2 manata, çərəz məhsulları 10-15 manata, şabalıd isə 7-10 manata satılır. Alıcılar isə deyirlər ki, bir neçə gün öncə məhsullar 1-2 manat ucuz olub.
Alıcı Gülgəz Rəhimova deyir ki, bayram süfrəsi üçün bazara üçüncü gəlişidir, amma nə qiymətlər əlçatandır, nə xərclədiyi siyahıya yetir:
“Hər şey od qiymətinədir. Çox ailədə gəlir yox, pensiya yox, bilmirsən ki, evdə uşaqlara nə deyəsən. 70 manatla gəldim, düyü, şabalıd, bir meyvə güclə aldım. Artıq bu həftə içində üçüncü gəlişimdir. 250 manat xərclənib, ancaq hələ bayramlıq azuqə tam alınmayıb. 2-3 gün öncəki günlə müqayisədə qiymətlərdə 1 manat, bəzilərində 30-50 qəpik artım var. Badamı üç gün əvvəl 3 manata, bu gün 4 manata satışa qoyublar. Qoz, şabalıd 5 manat idi, indi olub 8-10 manat arası. Ad olur ki, guya yerli məhsuldur. Eyni məhsuldur amma…”.
“Təqvimdə il dəyişikliyi insanlara heç nə vermir”
Alıcı Xəyalə İsmayılova isə bayramı il dəyişikliyində deyil, sosial-iqtisadi təminatında müsbətə doğru dəyişilikdə görmək istədiyini deyir.
“Bu minvalla təqvimdə il dəyişikliyi insanlara heç nə vermir. İl yeniliyi xalqın dolanışıq və güzəranında müsbət sosial-iqtisadi dəyişikliklərlə təzahür etməlidir, əks halda nə bayram, nə xoş əhval ruhiyyə bizə yaxın düşər”.
Bayramqabağı Göyçay bazarında müşahidə etdiyimiz mənzərə budur: alıcılar da narazıdır, satıcılar da… Çoxunu isə bayram deyil, gündəlik ərzaq təminatı düşündürür.