Əliyev 5 prinsipin razılaşdığını deyir, Paşinyan təhlükəsizlik məsələlərini önə çəkir
Aprelin 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Azərbaycan və Ermənistan liderlərinin Brüsseldəki görüşü Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel vasitəçiliyi və təşəbbüsü ilə aprelin 6-da baş tutub.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib ki, Ermənistan Azərbaycanın təqdim etdiyi beş prinsipi qəbul edib.
Ermənistan Baş naziri Nikol Paşinyan isə Nazirlər Kabinetinin həftəlik iclasında Brüssel görüşündən danışaraq deyib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə gələcək sülh sazişi ilə bağlı hazırlıq işlərinə başlamaq, danışıqlar aparmaq və təmaslar yaratmaq tapşırığı verilib.
Onun sözlərinə görə, sülh sazişi ilə bağlı Azərbaycanın təqdim etdiyi təkliflərində Ermənistan üçün qəbuledilməz bir şey yoxdur: “Lakin onlar gündəlik məsələlərini tam əks etdirmir”.
Paşinyan Qarabağda rus sülhməramlılarının məsuliyyət zonasında yaşayan erməni əhalisini nəzərdə tutaraq deyib: “Dağlıq Qarabağ xalqının təhlükəsizlik qarantiyaları, hüquq və azadlıqlarının müdafiəsi, eləcə də Dağlıq Qarabağın son statusunun dəqiqləşdirilməsi məsələləri prinsipial əhəmiyyət kəsb edir”.
“Bu məsələlər sülh sazişi üzrə Ermənistanın cavablarında əks olunur və “danışıqlar gündəliyinə daxil edilməlidir”, – Paşinyan deyib.