Nazir Ermənistanın hərbləşdirilməsindən də narahatlığını ifadə edib
Sentyabrın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat İdarəsinin yaydığı məlumata görə, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə edilib:
“Azərbaycanın cari ildə ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqlar çərçivəsində Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib”.
“İkitərəfli münasibətlərdə müsbət dinamikanın yaradılması, əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində səylərə baxmayaraq, bəzi ABŞ rəsmilərinin qərəzli fikirlərinin ikitərəfli münasibətlərə mənfi təsir etdiyi diqqətə çatdırılıb. Bu xüsusda, sentyabrın 16-da Ermənistanın ABŞ-dakı səfirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavini İzobel Koulmanın Azərbaycana qarşı açıqlamalarına istinad edilərək, bu kimi çıxışların faktları təhrif etmək məqsədi daşıdığı vurğulanıb”, – XİN əlavə edib.
Həmçinin post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycanla Ermənistan arasında normallaşma və sülh sazişi üzrə aparılan proses barədə qarşı tərəfə məlumat verildiyi qeyd olunub:
“Bölgədə mina təhdidləri olduğu bildirilib, bu istiqamətdə mümkün əməkdaşlıq nəzərdən keçirilib. Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, yekun sülh sazişinin imzalanmasına ən ciddi maneənin başda Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin bir sıra hüquqi və siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi olduğu vurğulanıb. Bundan əlavə, Ermənistanın hərbiləşdirilməsi siyasətinin bölgədə sülh və sabitliyə xidmət etmədiyi bildirilib”.