Bayramov Hoqanla regiondakı vəziyyəti müzakirə edib

Foto: XİN

Nazir Azərbaycanın sülh prosesində qərarlı olduğunu deyib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Derek Hoqan arasında telefon danışığı olduğu bildirilir.

Bu barədə aprelin 18-də Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, tərəflər regionda cari vəziyyəti, o cümlədən, Ermənistan və Azərbaycan arasında sülh gündəliyini müzakirə edib.

“Ermənistanın hələ də silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmayıb…”

Nazir Ceyhun Bayramovun Azərbaycan və ABŞ arasında müxtəlif sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs etdiyi, münasibətlərin inkişafında qarşılıqlı təmasların əhəmiyyətinin vurğulandığı deyilir.

“Ermənistan tərəfindən törədilən davamlı hərbi-siyasi təxribatların Azərbaycanın sülh və quruculuq səylərinə xələl gətirdiyini diqqətə çatdırıb. Bu xüsusda, Ermənistanın hələ də silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığını, erməni sakinlərinin reinteqrasiya səylərinə maneçilik törətdiyi, Laçın yolundan sui-istifadənin qarşısını almaq məqsədilə sərhəd-keçid məntəqəsi yaradılması təklifinə qarşı çıxdığı barədə məlumat verilib. Ermənistan tərəfindən atılan qeyri-konstruktiv addımlara baxmayaraq, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində səylərin davam etdirilməsində qərarlı olduğu bildirilib”, – deyə XİN əlavə edib.

Bildirilir ki, Derek Hoqan bölgədə davamlı sülhün və təhlükəsizliyin bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin uğurla nəticələnməsinin, mövcud məsələlərin danışıqlar yolu ilə həllinin vacib olduğunu qeyd edib.

XİN-in məlumatında vurğulanır ki, o, ABŞ-ın sülh prosesinə dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Telefon danışığı ilə bağlı ABŞ rəsmiləri hər hansı açıqlama yaymayıb.

Aprelin 17-də Ceyhun Bayramovla ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono arasında da görüş keçirilib.

Görüşdə Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin gələcək perspektivləri, eyni zamanda Azərbaycan-Ermənistan normallaşma prosesinin digər komponentləri müzakirə olunub.

Nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətBayramov Hoqanla regiondakı vəziyyəti müzakirə edib