Qubad İbadoğlu: “Görünən odur ki, gömrük rüsumlarının azaldılmasından istehlakçılar deyil, inhisarçılar bəhrələnir”
“2017-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiyməti 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,4 faiz, o cümlədən ərzaq məhsulları 17,1, qeyri-ərzaq malları 12,1, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb”.
Dövlət Statistika Komitəsinin məlumatında belə
deyilir
.
Bildirilir ki, bu ilin noyabrında oktyabra nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri 0,3 faiz bahalaşıb, “Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb. Oktyabrla müqayisədə noyabrda kolbasa, balıq, süd məhsullarının, yumurtanın, kərə, zeytun və marqarin yağlarının, xiyarın, bibərin, badımcanın, soğanın, kartofun, çayın qiymətlərində də bahalaşma olub. Düyü, un, manna və qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətinin, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, heyvanın, narın, xurmanın, kələmin, göyərtinin, kökün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma olub”.
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu bahalaşmanın yeni dalğasının başladığını deyir:
“Əsas bahalaşma ərzaq səbətində, xüsusilə də ət-balıq, süd və tərəvəz məhsullarında müşahidə olunub. Bu da aztəminatlı əhalinin istehlakında böyük paya malikdir. Müşahidə olunan maraqlı məqamlardan biri də kərə yağının qiymətində bahalaşmanın davam etməsidir. Bu da təsdiq edir ki, ölkəyə kərə yağının idxalı inhisarçıların nəzarətindədir ki, onlar da bu malın satışında razılaşdırılmış yüksək sövdələşmə qiyməti tətbiq etməklə istehlakçılarının xərclərini davamlı şəkildə artırırlar”.
Noyabrın əvvəlində Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan kərə yağı, digər yağlar, süd məhsullarından hazırlanmış yağlara görə gömrük rüsumunun dərəcəsi 15-dən 5-dək
azaldılmışdı
.
Qərar dekabrdan qüvvəyə minib. 2019-cu il dekabrın 31-ə qədər qüvvədə olacağı gözlənirdi.
Qubad İbadoğlu da deyir ki, həmin qərar artıq bir neçə gündür ki, qüvvədədir. Görünən odur ki, kərə yağının idxalında gömrük rüsumlarının 3 dəfə azaldılmasından istehlakçılar deyil, daha çox inhisarçı və oliqopol şirkətlər bəhrələnirlər:
“Yekun olaraq onu da proqnozlaşdırmaq olar ki, qarşıdan gələn yeni bayramı ərəfəsində ərzaq mallarının qiymətini artıran faktorlar daha fəallaşacaq. Odur ki, dəyərli istehlakçılar qiymətlərin bahalaşmasının yeni dalğasına hazır olsunlar, nəzərə alsınlar ki, ərzaq qiymətləri bu ilin bayram süfrəsində rekord səviyyəyə çatacaq”.
Millət vəkili, iqtisadçı Vahid Əhmədov da qərarın yağın qiymətinə təsir etmədiyini deyir. O, bu barədə Milli Məclisdə 2018-ci ilin büdcə zərfinin müzakirəsi zamanı danışıb. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun fikirlərinə münasibət bildirən V.Əhmədov
deyib
:
“Elman müəllim deyir ki, xaricdən inflyasiya idxal edirik. Yaxşı, bəs daxildə bu inflyasiyanı Azərbaycana kim idxal edir? Yağın qiyməti ilə əlaqədar cənab prezidenti guya inandırdılar ki, gömrük rüsumunu azaltmaqla yağın qiymətini azalda bilərik. Hanı bəs, yağın qiyməti aşağı düşdü? Mən dünən uşaqlarımı göndərmişəm gedib marketdə baxıblar, yenə eyni qiymətdir. Yağın qiyməti yenə 18,20,24 manat arasında dəyişir. Mən yağı misal göstərməklə bir məhsulun qiymətini misal göstərdim. Amma hamısında eyni vəziyyətdir. Hətta hörmətli nazirlərimizlə də danışanda deyirlər ki, Azərbaycanda hər şey şəffafdır. Bəs elədirsə, niyə Rəqabət Məcəlləsi qəbul olunmur? Mən hiss edirəm ki, nə Prezident Administrasiyası, nə Nazirlər Kabineti, nə də Milli Məclis bunda maraqlı deyil”.