Fevralın 2-də Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki “Qızılqum” sanatoriyasında məskunlaşan məcburi köçkünlər aksiya keçirib. Onlar yaşadıqları yataqxanaya sayğac quraşdırılmasına etiraz ediblər. Köçkünlər deyirlər ki, yaşadıqları bina qəzalı vəziyyətdədir, ora “kombi” istilik sistemi çəkilə bilməz. Binada qaz sistemi yoxdur. Əgər işığa sayğac qoyulsa, əlavə verilən 16 manata aylıq kommunal xərcləro ödəmək mümkün olmayacaq:
– Prezidentin fərmanı ilə məcburi köçkünlərin çörəkpulunun üstünə 16 manat əlavə olunub və 36 manat kommunal xərclər üçün ödənilib. İndi bizdən tələb olunur ki, sayğac qoyulsun. Özü də hələ tək elektrikdən söhbət getmir, suyu da nəzərdə tuturlar. Sadəcə indi elektrikin adını çəkirlər. Biz ancaq elektrikdən istifadə edirik. “Kombi” qoyulacağı deyilir. Bir aydan sonra “kombi” kəsiləcək. Qalan 9 ayda biz suyu qızdırmaqda, havalandırmada elektrikdən istifadə edəcəyik. Bunlara 16 manat çatmaz. Gəlsinlər, məni aparıb tutsunlar, yenə də biz bu sayğacın qoyulmasının əleyhinəyik. Düzdür, bura Azərbaycandır, ola bilsin ki, fikrimiz nəzərə alınmasın. Amma biz bura yığımışıq ki, hara qədər nail olacağıqsa, ora qədər gedək. Rəhbərlər bizim səsimizi və sözümüzü eşitsinlər.
– 16 manatı əlavə edən deputatlar – hansı ki, bu məsələni ortaya atıblar – gəlib camaatın yaşayışına baxsınlar, daha sonra şamil eləsinlər. Axı biz o səviyyədə yaşamırıq.
– 20 ildir deputat seçilib, bir dəfə burada görünməyib.
– Mənim uşaqlarımın ikisi də pul almır. Tək mən 36 manat alıram. Onunla işıqpulu ödəyə bilərəm?
– Bizi su, qaz, işıq, istiliklə təmin edib, daha sonar sayğac qoysunlar.
Hadisə yerinə Şuşa şəhər İcra Hakimiyyətinin başçısı, Qarabağ icmasının rəhbəri Bayram Səfərov da gəlib. O, köçkünləri etiraz etdikləri üçün qınayıb:
“Xeyirdimi siz dövlət qarşısında şərt qoyursunuz? Siz kimsiniz dövlət qarşısında şərt qoyursunuz? Dövlət bizim qarşımızda şərt qoyur. Biz dövlətin bütün tapşırığını əməl etməliyik. Dövlət verdiyi sərəncamlara çox yaxşı nəzarət edir”.
Sonra icra başçısı etirazçılarla çəkiliş olmadan danışıb. Köçkünlərin sözlərinə görə, Bayram Səfərov onlara vəd verib:
“Bayram Səfərov dedi ki, 16 manatdan artıq yazılan borclar silinəcək. 16 manat ödəyin, vəssalam”.
Meydan TV Bayram Səfərovun məsələyə münasibətini öyrənmək istəyib. Amma o, nəinki cavab verib, əksinə çəkilişə mane olmağa çalışıb.