Bayram Məmmədovun səhhəti ilə bağlı narahatlıq var

“Vəziyyəti yaxşı deyildi. Səhhətində yaranmış durumla əlaqədar müvafiq orqanlara məlumat vermişəm”.

Source: meydan.tv


Gənc fəalın hər axşam qusduğu, baş ağrılarının olduğu bildirilir

Martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa çıxan və 13 gün sonra təkrar həbs edilən Bayram Məmmədovun vəziyyətinin pis olduğu haqda məlumatlar var. Aldığı xəsarətlərdən sonra baş ağrılarının yarandığı, ürəkbulanması olduğu bildirilir.

Vəziyyətlə əlaqədar NİDA Vətəndaş Hərəkatı da bəyanat yayıb. Təşkilat Bayram Məmmədovun təcili xəstəxanaya köçürülməsini tələb edir:

“Nida Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov İnzibati Həbs Olunanların Saxlanma Təcridxanasında (Binəqədi həbsxanası) fiziki təzyiqlərə, igəncələrə məruz qalandan sonra sağlamlığında ciddi problemlər yaranıb. Həmin təcridxanadan çıxan məhbusların verdiyi məlumata görə, Bayram Məmmədovun ağrıları şiddətlənməkdədir. O, başından çoxlu zərbələr alıb, baş gicəllənmələri var və hər axşam qusur. Bunlar isə beyin silkələnməsinin əlamətləridir”.

İctimai fəallar sosial şəbəkələrdə Bayram Məmmədovun durumu ilə bağlı narahatlıqlarını ifadə etsələr də, rəsmi qurumlardan hər hansı açıqlama yoxdur.

Gənc fəalın vəkil Elçin Sadıqov Meydan TV-yə deyib ki, ötən həftə görüşəndə Bayram Məmmədov ona baş ağrıları olduğunu söyləyib:

“Vəziyyəti yaxşı deyildi. Səhhətində yaranmış durumla əlaqədar müvafiq orqanlara məlumat vermişəm”.

Vəkil gələn həftə Bayram Məmmədovla görüşəcəyini bildirib.

Məhbusun atası Fərman Məmmədov oğluyla aprelin 4-də görüşdüyünü deyib. Onun sözlərinə görə, Bayram özü barədə heç vaxt ailəsinə söz demir, susur:

“Biz onunla şüşə arxasında danışdıq. Ona görə konkret heç nə deyə bilməyəcəm”.

Fərman Məmmədov oğluyla gələn həftə görüşəcəyini deyib.

Martın 17-də Əfv sərəncamı ilə azadlığa çıxan heykəl məhbusu” Bayram Məmmədov yenidən həbs olunarkən üzləşdiyi işgəncələrlə bağlı yazılı izahat verib.

Vəkilinə ünvanladığı yazılı izahatında gənc fəal yazır:

“Mənə verilən şifahi suallara cavab cavab olaraq bildirirəm ki, 30 mart 2019-cu il tarixdə barəmdə uydurma məhkəmə qərarı çıxdıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunan şəxslərin saxlanılma məntəqəsinə gətirildim və bir neçə saat sonra heç bir qanuni əsas olmadan məni rezin kameraya apardılar. Əllərimi arxadan qandalladılar, sonradan adının Pənah olduğu bildiyim polis və digər 5-6 nəfər məni təpik və yumruq zərbələri ilə döyməyə başladılar. Sonra mən müvazinətimi itirib yerə yıxıldım, yerdə məni təpikləməyə və üzümə yumruq zərbələri ilə vurmağa başladılar. Bu, təxminən 30-40 dəqiqə çəkdi, arada fasilələr verib niyə peşman olmadığımı öz müsahibəmdə bildirdiyimi, niyə “Facebook” sosial şəbəkəsində onlara görə radikal və aqressiv tərkibli statuslar yazdığımı irad bildirirək döyürdülər. Daha sonra ayaqlarımı da əllərimə qandallayıb təxminən 2-3 saat ağzı üstə uzatdılar”.


Bayram Məmmədov

ona verilən işgəncə hallarının araşdırılmasını xahiş edir.

Bayram Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsilə – polisə müqavimətdə təqsirli bilinərək martın 30-da 30 sutka azadlıqdan məhrum edilib.

O, 2016-cı ildə mərhum prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazıldıqdan sonra narkotik ittihamıyla həbs olunub 10 il cəza almışdı.

İlham Əliyevin martın 16-da verdiyi əfv sərəncamından 1 gün sonra azadlığa çıxıb.

Ana səhifəXəbərlərBayram Məmmədovun səhhəti ilə bağlı narahatlıq var