Bayram Məmmədovun kassasiya şikayəti təmin edilmədi

Vəkil: ”Məhkəmələr qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə edərək qərar verib”

Source:


Vəkil: ”Məhkəmələr qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə edərək qərar verib”

İyunun 20-də Ali Məhkəmədə Heydər Əliyevin heykəlinin postamentinə “Qul bayramınız mübarək!” şüarı yazandan sonra narkotik ittihamı ilə həbs olunan Bayram Məmmədovun kassasiya şikayətinə baxılıb.

Meydan TV-nin məlumatına görə, hakim Fərhad Kərimovun sədrlik etdiyi iclasda B. Məmmədov iştirak etməyib. Prosesdə çıxış edən vəkil Elçin Sadıqov Bayram Məmmədovun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib:

“Bayram Məmmədov saxlanılarkən onun müdafiə hüququ kobud şəkildə pozulub. İstər Bakı Ağır Cinayətlər Məhkəməsi, istərsə də Bakı Apelyasiya Məhkəməsi qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə edib”.

Vəkil iş gedişində məhkəmələrin polislə əməkdaşlıq edən hal şahidlərinin ifadələrinə əsaslandığını söyləyib:

“Məhkəməyə həmin hal şahidlərindən birinin narkomaniyadan əziyyət çəkməsi, rəsmi qeydiyyatda olmasını təsdiqləyən sübut təqdim etmişik. Bu işdəki hal şahidlərinin eyni əməliyyatçılarla, konkret olaraq, Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyat müvəkkili Şirəli Babayevlə başqa işlərdə də əməkdaşlıq etdiyini təsdiqləyən sübutlar ortaya qoymuşuq. Bayram Məmmədovun işinə baxarkən məhkəmə müdafiə tərəfinin heç bir vəsatətini təmin etməyib”.

Daha sonra iclasda çıxış edən prokuror Rizvan Şammədov kassasiya şikayətinin əsassız olduğunu bildirib və təmin olunmamasını istəyib.

Müşavirədən sonra qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

B. Məmmədov 2016-cı ilin mayında saxlanılıb. Qiyas İbrahimov və Bayram Məmmədov H. Əliyevin postamentinə şüar yazdıqdan sonra həbs ediliblər. Onlara narkotik vasitə dövriyyəsi ilə bağlı ittiham verilib. Hər biri 10 il  müddətinə azadlıqdan məhrum edilib.

Onlar ittihamı qəbul etmirlər və işgəncəyə məruz qaldıqlarını bildirirlər.

Ana səhifəXəbərlərBayram Məmmədovun kassasiya şikayəti təmin edilmədi