Məhkəmənin hazırlıq iclası 4 noyabr, saat 10.30-a təyin edilib
Hazırda həbsdə olan gənc fəal Bayram Məmmədovun barəsindəki cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eynulla Vəliyevin icraatına verilib. Bundan əvvəl iş məhkəmənin digər hakimi Eldar Mikayılovun icraatına verilmişdi.
Bu barədə məlumatı Bayram Məmmədovun vəkili Elçin Sadıqov öz “Facebook” səhifəsində yazıb. Onun məlumatına görə, məhkəmənin hazırlıq iclası 4 noyabr, saat 10.30-a təyin edilib.
“Cinayət işinin hakim Eldar Mikayilovun icraatında alınaraq hakim Eynulla Vəliyevin icraatına verilməsi Eldar Mikayılovun icraatına işlərin çox olması ilə əsaslandırılıb” – vəkil qeyd edib.
B.Məmmədov Qiyas İbrahimovla birlikdə mayın 10-da, Heydər Əliyevin heykəlinin üzərinə “qul bayramınız mübarək” sözləri yazılandan sonra həbs ediliblər. O, Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb. Lakin B.Məmmədov ittihamları qəbul etmir, o, həbsini heykəlin üzərinə yazılmış şüarla əlaqələndirir.