”Gənc fəala bəraət verilməsini istəyirik”
Həbsdə olan gənc fəal Bayram Məmmədovun işi ilə bağlı Azərbaycan Ali Məhkəməsinə şikayət verilib. Bu barədə Meydan TV-yə vəkil Elçin Sadıqov danışıb.
O, işə Ali Məhkəmənin hakimi Fərhad Kərimovun sədrliyilə baxılacağını deyib:
“Hələ ki məhkəmənin keçirilmə vaxtı məlum deyil. Bayram Məmmədova bəraət verilməsini və onun pozulmuş hüquqlarının tanınmasını istəyirik. Hesab edirik ki, onun Avropa İnsan Hüquqları Konvensiyasının 3 (işgəncələrə qadağa), 5 (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6 (ədalətli məhkəmə çəkişməsi), 8 (şəxsi və ailə həyatına hörmət edilməsi hüququ), 10 (ifadə azadlığı) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrində nəzərdə tutulan hüquqları pozulub”.
B.Məmmədov 2016-cı il mayın 10 -da saxlanılıb. Mayın 12-də məlum olub ki, o, digər bir siyasi fəal Qiyas İbrahimovla birgə Nərimanov Rayon Polis İdarəsi yanındakı müvəqqəti saxlanma yerindədir.
Mayın 12-də Daxili İşlər Nazirliyi B.Məmmədovun yaşadığı evdən 1 kiloqramdan çox heroin tapılması barədə məlumat yayıb. Xətai Rayon məhkəməsi isə B.Məmmədovun barəsində həbs qətiimkan tədbiri seçib. Gənclər saxlanarkən işgəncəyə məruz qalmaları haqda danışıblar. Hakim bu faktların yoxlanması haqda qərardad çıxarıb. Amma DİN deyilənlərin təsdiqini tapmadığını bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsi B.Məmmədovun barəsində 10 il həbs qərarı çıxarıb.
B.Məmmədov Heydər Əliyevin heykəlinin üzərinə “Qul bayramınız mübarək!”şüarı yazdığına görə həbs edildiyini bildirib.