Şikayət gənc fəalın üzərində və yaşadığı evdə qanunsuz axtarış və götürmə aparılması ilə bağlı olub
Oktyabrın 13-də Sabunçu rayon Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə Bayram Məmmədovun şikayətinə baxılıb. Bu barədə vəkil Elçin Sadıqov öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, şikayət Bayram Məmmədovun üzərində və yaşadığı evdə qanunsuz axtarış və götürmə aparılması ilə bağlı olub. Hakim şikayəti təmin etməyib. Vəkil qərarı qanunsuz hesab edir və ləğv edilməsi üçün apellyasiya şikayəti verəcəyini deyir.
Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin Milli Bankın önündə yerləşən parkdakı abidəsinin ətrafına “Qul bayramınız mübarək” şüarı yazılandan sonra saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunurlar.
Hər iki gənc onlara Bakı şəhər Baş Polis İdarəsində və Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində işgəncə verildiyini bildiriblər və ittihamları qəbul etmirlər.