‘Gənc fəal Ombudsman Aparatı və Qırmızı Xaç Komitəsi nümayəndələrinin ona baş çəkməsini istəyib
“Bayram Məmmədov müəssisə rəhbərliyinin pis münasibətinin nəticəsində ağır xəstədir. Hətta aprelin 24-də ağır qızdırmalı xəstə olduğuna görə dəstə rəhbərini və başqa nəzarətçiləri xəbərdar etsə də, heç bir reaksiya verilməyib”.
Bu barədə vəkil Elçin Sadıqov öz “Facebook” səhifəsində yazıb.
Aprelin 29-da NİDA-çı, “heykəl məhbusu” kimi tanınan Bayram Məmmədovla görüşdüyünü deyən vəkilin sözlərinə görə, gənc fəal saxlanma şəraitindən gileylənib:
“Görüş zamanı Bayram Məmmədov bildirdi ki, cəzaçəkmə müəssisəsi rəhbərliyinin ona münasibəti çox pisdir. Ona çatdırıblar ki, o, ulu öndərin heykəlinə qarşı hörmətsilik etdiyinə görə daim təzyiq altında olacaq. Bayram Məmmədov CÇM-ə yerləşdirildiyi gündən bəri xəstədir, səbəb isə odur ki, ona yatmaq üçün yeri tualetin yanından və daim soyuq havanın oynadığı yerdən veriblər. Dəfələrlə müəssisənin rəhbərliyinə müalicə olunmaq və yerinin dəyişdirilməsi üçün müraciət etməsinə baxmayaraq, ona heç bir əhəmiyyət verilməyib. Müəssisənin tibbi hissəsində isə ona “Çitramon” və “Aspirin” adlı dərmanlardan başqa dərmanın olmadığını bildiriblər”.
Elçin Sadıqov deyir ki, Bayram Məmmədov yataq xəstəsi olduğundan axşam “razvoduna” (sıra baxışı) çıxa bilmir:
Onun xəstə olmasına görə sıra baxışına çıxa bilməyəcəyini İlkin Rüstəmzadə də müəssisə rəhbərliyinə çatdırıb. Ancaq xəstə-xəstə Bayramı gəzinti yerinə aparıblar və qollarını arxadan qandalla bağlayaraq gözlədiblər. Bayram Məmmədovun xəstə olduğu üçün sıra baxışına çıxmadığı barədə yazdığı iki izahatını cırıblar və bildirblər ki, o, sadəcə “sıra baxışına çıxmamışam” yazmalıdır. Soyuqdan donduğundan 5-6 saatdan sonra qısa izahat yazıb ki, sıra baxışına çıxmamışam. B.Məmmədov bildirdi ki, bundan əvvəl də müəssisə əməkdaşları onu işləməyə məcbur ediblər. O bildirib ki, bura cəzaçəkmə müəssisəsidir, islah əmək koloniyası deyil, əgər məcburi əməyə cəlb edilirsə, yazılı qərar verilsin ona. Bu sözündən sonra onu paltarları məcburi soyundurulub, “karsın” (cərimə kamerası) darısqal, üstü açıq, dörd divardan ibarət gəzinti yerinə salınıb və saatlarla orada saxlanılıb. Bayram Məmmədov bildirir ki, bu qanunsuz hərəkətlər onun sağlamlığına ciddi təsir göstərir və müəssisəyə daxil olduğu gündən ağır xəstədir və bu hərəkətlərin nəticəsində sağalmır. Sanki bu hərəkətlər onun fiziki məhv edilməsinə yönəlib. Bayram Məmmədova qarşı edilən qanunsuz hərəkətlərin qarşısının alınması ilə bağlı müəssisə rəhbərliyi ilə əvvələr söhbət etsəm də, heç bir səmərəli nəticə olmayıb”.
“Qapıda məni bir saatdan çox gözlətdilər, halbuki görüş məktubum var idi və bundan əvvəl də görüşmüşdüm. “Məktubu tapa bilmirik” deyə bəhanəsi ilə 1 saatdan çox gözlətdilər. Hiss etdim ki, istəkləri gözləməkdən bezib, Bayram Məmmədovla görüşdən imtina edib geri qaytımağım idi. Bir saatdan sonra görüşə icazə verdilər. Lakin qol saatımı və ilk dəfə olaraq avtomobilimin açarını qanunsuz olaraq onlara verməli olduğumu bildirdilər. Etiraz etsəm, görüşə icazə verilməyəcəyi bildirildiyindən avtomobilin açarını da verdim və Bayram Məmmədovla görüşdüm”.
Vəkil mayın 1-də rəsmi qurumlara şikayət edəcəyini bildirib:
“Bayram Məmmədov əlavə olaraq xahiş etdi ki, Ombudsman və Qırmızı Xaç Komitəsinin nümayəndələri ona baş çəksin və onun fiziki məhvinin qarşısını alsınlar”.
Bayram Məmmədovla Qiyas İbrahimov 2016-cı ilin mayın 9-dan 10-a keçən gecə həbs olunublar. Onlar həbslərinin səbəbini “Gül bayramı” günü Heydər Əliyevin heykəlinə “Qul bayramı” yazmaqlarıyla əlaqələndiriblər.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin, Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapılıb. 2016-cl ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki gənc 10 il müddətinə azadlıqdan məhrum edilib.
Onlar ittihamı qəbul etmir və həbslərini Heydər Əliyevin heykəlini yazmaqları ilə əlaqələndirirlər. Hər iki gənc siyasi məhbus kimi tanınır.