Bayram Məmmədov: Əl-ayağım bağlı vəziyyətdə, diz üstündə oturtdular, döydülər

Gənc fəalın apelyasiya şikayəti təmin olunmayıb

Source: Meydan TV
Bayram Məmmədova işgəncə olunub


Gənc fəalın apelyasiya şikayəti təmin olunmayıb

Mərhum prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra narkotik ittihamıyla həbs olunub 10 il cəza alan, martın 17-də əfv sərəncamıyla azadlığa çıxan Bayram Məmmədov aprelin 2-də yenidən məhkəmə qarşısına çıxarılıb.

Bakı Apelyasiya Məhkəməsində onun şikayətinə baxılıb. Apelyasiya şikayəti Bayramın 30 sutka inzibati həbsi barədə Sabunçu Rayon Məhkəməsinin 30 martda çıxardığı qərardan verilib.

Apelyasiya şikayətinə hakim Namiq Məmmədov baxıb. Məhkəmədə öncə vəkil Elçin Sadıqov çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsin günahsız, onun haqqındakı məhkəmə qərarının isə əsassız olduğunu bildirib:

“Bayram Məmmədov heç bir inzibati xəta törətməyib. Məhkəmə bir polisin tərtib etdiyi raporta əsaslanıb. O polis də dindirilməyib. Heç bir əsas olmadan Bayram Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsilə – polisə müqavimətdə təqsirli bilinib. Halbuki, ortada heç bir sübut yoxdur”.

B.Məmmədovun martın 17-də əfv fərmanıyla azadlığa buraxıldığını, ondan sonra da sosial şəbəkələrdə yazdığı status və müsahibələrinə görə təqiblərə məruz qaldığını deyən vəkilin sözlərinə görə, gənc fəal dəfələrlə profilaktik söhbət bəhanəsilə polis bölməsinə çağrılıb:

“Sonuncu dəfə 12-ci bölməyə atasıyla gedib. Oradan onu Sabunçu Rayon Polis İdarəsinə aparmaq adıyla çıxarıb, birbaşa məhkəməyə aparıblar”.

Vəkil deyir ki, aprelin 1-də Bayramla görüşmək üçün inzibati qaydada həbs olunanların saxlandığı Binəqədi təcridxanasına getsə də, görüşməyə imkan verməyiblər. Müdafiəçi Bayram Məmmədovun işgəncəyə məruz qalmasından da danışıb, onun üzərindəki xəsarət izlərini hakimə göstərib:

“Burnunun üstündə, sağ gicgahında, dizlərində xəsarət izləri var. Qulağına baxın, görün nə günə qoyublar… Xahiş edirəm, bu xəsarətlərlə əlaqədar ekspertiza təyin olunsun. Qanunda da yazılıb ki, işgəncə şikayəti varsa, məhkəmə qərar qəbul edib, şikayəti araşdırılması üçün prokurorluğa göndərməlidir”.

Elçin Sadıqov çıxışının sonunda Bayram Məmmədovun 30 sutka inzibati həbsi barədə qərarın ləğvini istəyib.

Bayram özü də çıxış edib. O bildirib ki, həbsdən buraxıldığı günün ertəsi artıq onu polis bölməsinə çağırıb, xəbərdarlıq etmişdilər:

“Martın 17-də azadlığa buraxıldım. Ayın 18-də məni 12-ci polis bölməsinə çağırdılar. Sonra Sabunçu Rayon Polis İdarəsinə apardılar. Orada bir qrup şəxs məni sorğu-suala tutdu ki, neyləmək istəyirsən, fikrin nədi. Mən də danışdım. Mənə dedilər ki, “sənin başın ağrıyacaq”. Əvvəldən də mənə belə xəbərdarlıq eləmişdilər, hələ həbsdən əvvəl. Həmin gün buraxdılar, sonra yenə çağırırdılar, eyni şeylər təkrarlanırdı. Ayın 30-da yenə çağırdılar. Bu dəfə Sabunçu məhkəməsinə aparıb 30 sutkalıq qərarı aldılar. Məhkəmədən Binəqədi təcridxanasına apardılar. Orada əl-ayağım bağlı vəziyyətdə, diz üstündə oturtdular, döydülər. Mən işgəncəyə öyrəşmiş adamam. Məni döyənlərdən ikisi buradadır (onu məhkəməyə gətirən iki nəfəri göstərir). Belə adamların üzünü yadımda saxlayıram”.

Hakim:

– Sən neylədin ki, səni döydülər?

– Əvvəla, adamı döyməzlər. İkincisi də, heç nə eləməmişəm. Bayram Məmmədov heykəl məhbusudur – hər şeyi deyir, bu.

Bayram Məmmədov bildirib ki, onu şillə-təpiklə döyüblər. O, üzündəki xəsarətləri də hakimə bir daha göstərib:

“Məni rezin kameraya salıb, bir sutka əl-ayağım qandallı vəziyyətdə saxladılar. Kameradan çıxarıb döyürdülər. Deyəsən, təcrübəsiz idilər, üzümə vurdular, izi qaldı”.

Bayram Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb, onun 30 sutkalıq həbsi barədə Sabunçu Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Lakin işgəncə şikayətinin araşdırılması üçün prokurorluğa göndərilməsi barədə qərar çıxarılıb.

Ana səhifəXəbərlərBayram Məmmədov: Əl-ayağım bağlı vəziyyətdə, diz üstündə oturtdular, döydülər