Gənc fəal narkotik maddə saxlamaqda ittiham olunur
Mayın 12-də Xətai rayon Məhkəməsi gənc fəal Bayram Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. O və digər ictimai fəal Qiyas İbrahimov Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələriylə (əvvəlcədən əlbir olan bir qrup şəxsin satış məqsədiylə külli miqdarda narkotik vasitəni saxlama və gəzdirmə) ittiham olunurlar.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bayram Məmmədovdan 2,904 qram heroin, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram, Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb.
Hər iki gənc fəalın sabiq prezident Heydər Əliyevin abidəsi ətrafında yazılan şüarlara görə saxlanıldığı güman edilir.
Mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın önündəki heykəlinin ətrafına “Qul bayramınız mübarək” şüarı yazılıb.