Bayram Məmmədov 10 il azadlıqdan məhrum edildi

Dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Heydər Əliyevin postamentinə “Qul bayramınız mübarək” şüarını yazıldıqdan sonra narkotik ittihamı ilə həbs olunan gənc fəal Bayram Məmmədovun məhkəməsi başa çatıb.

Meydan TV-nin məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən iclasa Bayram Məmmədov əli qandallı gətirilib və məhkəmənin sonuna qədər qandalı onun əlindən açmayıblar.

İclasda B. Məmmədovun vəkili Elçin Sadıqov müdafiə nitqi söyləyib. O, Bayram Məmmədovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib: “Daha bir sifarişli, saxta cinayət işi yekunlaşdı. Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, Bayram Məmmədov heç bir cinayət törətməyib. O, Heydər Əliyevin postamentinə şuar yazdığı üçün şərlənərək həbs edilən vicdan məhbusudur. Əgər Bayram Məmmədov üzr istəsəydi, bu gün məhkəmə olmazdı. Ona bəraət verilməlidir. Çünki onun cinayət törətməsi sübut edilmədi”.

Daha sonra Bayram Məmmədov son sözlə çıxış edib. O, şərlənərək həbs olunduğunu deyib: “Hər kəs bilir ki, bu, sifarişli işdir. Tutulandan sonra polislər mənə dedilər ki, get heykəldən üzr istə, lakin mən bunu etmədim. Çünki bu, ola bilməzdi. Əslində mən özümü dustaq hiss etmirəm. Mənə çox təklif oldu, dedilər ki, hələ cavansan. Ancaq mən bütün təkliflərdən imtina etdim. Bundan sonra işgəncələr başladı. Əgər sən İlham və Heydər Əliyevlərə beyət edirsənsə, yaxşı adam, əksini edirsənsə, tənqid edirsənsə, onda xəyanətkar hesab olunursan. Vətən anlayışı Heydər Əliyev adına muzeydən, küçədən, prospektdən, fonddan, mərkəzdən, parkdan ibarətdirsə, onda mən fəxr edirəm ki, mən postamenti yazmaqla vətənə xəyanət etmişəm”. Bu zaman hakim onun sözünü kəsərək mahiyyət üzrə danışmağı tələb edib. Bu, vəkil Elçin Sadıqovun narazılığına səbəb olub. Hakim isə bildirib ki, mahiyyət üzrə danışmayanda onun sözünü kəsmək hüququ var.

B. Məmmədov isə bildirib ki, onu çaşdırmaq mümkün deyil: “Mən bu gün gələndə çıxışımı əzbərləmişəm ki, yadımdan çıxmasın. Azərbaycan polisinin ən uca məqsədi xalıq qorumaq yox, hakimiyyəti qorumaqdan ibarətdir. Mən tutulandan sonra polislərdən biri gəlib mənə dedi: “Sənsən mənim babamın heykəlin yazan?” Ondan sonra mən fikirləşdim ki, gör bunların nənələri necə insanlardır ki, bunlar hələ babalarının kim olduğunu bilmirlər. Heydər Əliyev bütdür, lakin biz bu bütü dağıtdıq”.

Bundan sonra hakimlər onun sözünü yarımçıq saxlayaraq müşavirəyə gedib. Bu zaman B.Məmmədov bildirib ki, indən sonra 10 may gül bayramı yox, H. Əliyevin heykəlinin yazılması və qul bayramı kimi yadda qalacaq: “Mən istəyirəm ki, siz məni və Qiyası xatırlayasınız. Mən peşman deyiləm”.

Müşavirə vaxtı B. Məmmədov su istəyib. Bu zaman nəzarətçilər onun əlini açmadan su veriblər. Müşavirədən sonra hökm elan edilib. B. Məmmədov məhkəməyə etiraz olaraq arxasını çevirib. Hökmə əsasən B. Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da Heydər Əliyevin postamentinə “Qul Bayramınız mübarək” şüarını yazdıqdan sonra saxlanılıblar. Onlar narkotik vasitələrin dövriyyəsində ittiham olunurlar. Lakin təqsirləndirilən şəxslərin heç biri ittihamı qəbul etmir. Onlar şərlənərək həbs olunduqlarını, istintaq zamanı təzyiqə məruz qaldıqlarını bildirirlər.

Bir müddət əvvəl Qiyas İbrahimovun da məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən iclasda Q. İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəVideoBayram Məmmədov 10 il azadlıqdan məhrum edildi