Bayraktara həsr olunan kitab: “Uşaq ədəbiyyatına həssas yanaşılmalıdır”

Foto: https://www.dirilispostasi.com/

Müəllif: “Kitabın ideyası “Zəfər paradı” zamanı meydana gəldi”

Azərbaycanda 44 günlük İkinci Qarabağ müharibəsinə və “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Səlçuk Bayraktara həsr olunan uşaq kitabı nəşr edilib.

Müəllif Məhəbbət Əsədova Türkiyə mətbuatına açıqlamasında “Bayraktar” adlı kitabı yazmaq ideyasının 2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən “Zəfər paradı” zamanı meydana gəldiyini bildirib:

“Parad zamanı oğlum Əli “Bayraktar”la bağlı suallar verməyə başladı. Evə qayıdandan sonra internetdə Səlçuk Bayraktarı araşdırmağa başladım. Örnək olacaq bir həyat hekayəsinin olduğunu gördüm və qələmə almaq istədim. Oğluma danışdığım bu hekayəni daha çox uşağın bilməyinə qərar verdim. Kitab milli ruhda və motivasiya doludur. Vətən və ailə sevgisindən danışır”.

Müəllif bildirib ki, 48 səhifəlik nəşrdə nə din, nə siyasət təbliğ olunur. Kitab “3 alma” TEAS Press Nəşriyyat Evində çap edilib. 10 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub.

Nəşrin illüstratoru Ruhulla Həsənzadədir. Kitab “Libraff” mağazalar şəbəkəsində 11 manata satışa çıxarılıb.
Mütəxəssislər müharibə mövzusunun uşaq ədəbiyyatında həssas mövzu olduğunu nəzərə alaraq buna ehtiyatla yanaşmağı tövsiyə edirlər.

“Müharibənin fiziki yox, mənəvi tərəfləri qabardılmalıdır”

Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı şöbəsinin rəhbəri Qəşəm Nəcəfzadə Meydan TV-yə deyir ki, bu mövzuda ədəbiyyat yazarkən müharibənin fiziki yox, mənəvi tərəfləri qabardılmalıdır:

“Təbii ki, 44 günlük müharibə zəfər tariximizdir və tədris olunmalıdır. Bu mövzuda əsəri peşəkar, istedadlı yazıçı qələmə alsa daha yaxşı olar. Çünki müharibə uşaq ədəbiyyatında olduqca həssas mövzudur. Xatırlayıram, kiçik oğlum birinci sinifdə oxuyarkən müəllim ermənilərə nifrət hissi oyatmaq məqsədilə şagirdlərə Xocalı faciəsindən danışmışdı. Onlara demişdi ki, ermənilər uşaqları borulara doldurub, ağzını qaynaq edirlərmiş. Bir tərəfindən də benzin töküb, onları diri-diri yandırırlarmış. Həmin olaydan sonra oğlum xəstələndi, bir ay dərsə getmədi. Nəinki ədəbiyyatda, həmçinin tədrisdə də uşaqlara nifrət hissi aşılamaq doğru deyil. Ermənilər Xocalıda uşaqların başını kəsdilər, anaların qarnına yaba soxdular, yarıb ürəyini çıxardılar. Bunu uşaqlara demək olmaz. Uşaq elm öyrəndikcə özü başa düşəcək. Bunu onların öhdəsinə buraxmaq lazımdır. Uşaqlar vətəni daha yaxşı sevir, doğru-düzgün sevir. Biz onlara heç nəyi göstərməyək. Meşəni, insanları, Vətəni sevməyi özləri öyrənsinlər. Təsəvvür edin, Ermənistanda və Azərbaycanda hamısı körpələridir. Onlar dava edərlər? Onların içində müharibə sözü olar? Yox. Bizim qələbəmiz torpağımıza təcavüz edənlərə qarşıdır”.

“Müharibənin tərənnümü hər zaman pisdir”

“Müharibənin tərənnümü hər zaman pisdir. Müharibə, güllə, mərmi, insan cəsədi, qan və bu kimi şeylər nəinki uşaqlarda, böyüklərdə də çox ciddi psixi travma yaradır. Uşaqlarda davranış pozuntularına, dərin depressiyalara səbəb olur”, – psixoloq-psixoterapevt Nərgiz Hüseynova Meydan TV-yə deyir.

“Uşaqların vətənpərvər böyüməsi, əslində pis amil deyil. 44 günlük müharibədə bu illər ərzində böyümüş uşaqların vətən üçün canlarından keçməyə hazır olduğunu gördük. Zorakılıq əks etdirən kitab, video və sair materiallar uşaqlarda qorxu, aqressiya, gələcəkdə emosional vəziyyətin dəyişməsi hallarını yarada bilər. Qorxu, aqressiya, nifrət dolu hadisələr, insan beynində ilişib qalır, şüuraltında oturur və gələcəkdə müxtəlif nevrozlar yaradır. Nəticədə insanda panik atak, obsessiv kompulsiv pozuntu, həmçinin digər psixosomatik xəstəliklər baş verir”, – deyə o bidirib.

“Baxırsan ki, uşağın biri normal qarşılayır, digərinə isə pis təsir edir”

Tarix müəllimi Dünarə Əbdürrəhimova deyir ki, müharibə mövzüsunun tədrisində uşaqların yaş xüsusiyyətləri nəzərə alınmalıdır:

“Kitabların uşaq psixologiyasına təsiri böyükdür. Müəllimi olduğum Laçın rayon 20 nömrəli tam orta məktəbdə müharibə mövzudunda olan tədbirlərdə 5-ci sinifdən yuxarı şagirdləri cəlb edirik. Müharibədə iştirak edib, qəhrəman olanlarla bağlı şagirdlərə məlumatlar verilir. Amma elə yaş qrupu var ki, onlara bu mövzuda nələrisə öyrətməyi düzgün hesab etmirəm. Yaş həddi mütləq nəzərə alınmalıdır ki, uşağın psixologiyasına mənfi təsir göstərməsin. Hər uşağın da düşüncəsi, psixologiyası eyni deyil. 20 Yanvar, yaxud Xocalı faciəsi ilə bağlı səhnəcik qururuq, obraz yaradırıq. Baxırsan ki, uşağın biri normal qarşılayır, digərinə isə pis təsir edir. İstənilən uşaq kitablarında diqqətli olmaq lazımdır”.

2020-ci ilin sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında 44 günlük mübaribə başlayıb.
Hərbi əməliyyatlar zamanı Türkiyə istehsalı olan uzun mənzilli taktiki pilotsuz döyüş təyyarəsi “Bayraktar TB2”-dən də istifadə edilib.

Döyüşlərdə Azərbaycan Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Xocavənd rayonunun bir həssiəsini geri qaytarıb.

10 noyabrda Rusiya, Azərbaycan və Ermənistan dövlət rəhbərləri tərəfindən imzalanan üçtərəfli bəyanatdan sonra Rusiya sülhməramlıları bölgəyə daxil olub, ardınca Ağdam, Kəlbəcər və Laçın rayonları boşaldılıb.

Ana səhifəSosialBayraktara həsr olunan kitab: “Uşaq ədəbiyyatına həssas yanaşılmalıdır”