Bayrağın bəzəmədiyi ev (VİDEO)

“Ay qızım, utanmayın, qoy dövlət utansın”. Bu sözləri Mahir Rzayevin qızlarına qonşuları deyir. Mahir Rzayev 9 nəfərlik ailənin başçısıdır. O, bir otaqdan ibarət, heç bir şəraiti olmayan evdə yaşayır. Evin mətbəxi, hamam və tualetində anti-sanitariya hökm sürür. Ailə hələ də suyu kənarda qızdırmaq üsulu ilə çimir. Pəncərəsiz, parça və odeyallarla küləyin qarşısı kəsilən otaqsa həm qonaq, həm də yataq otağıdır.



Heç bu evin konkret ünvanı da yoxdur. Onun yerləşdiyi yer Sumqayıt qəbiristanlığının aşağı tərəfi adlanır.

Bu ev sıradan bir Azərbaycan vətəndaşının evi deyil. Bura Qarabağda döyüşən və sağlamlığını itirən Qarabağ qazisinin evdir. Evin üstündə, buradan qat-qat bahalı villalarda belə olmayan bayraq dalğalanır. Ətrafdakı evlərdən bu daxmanı bayraq fərqləndirir. O bayraq ki, bir neçə kilometr aralıda – ən hündürdədir. Ən gözəl yerdə, ən mühüm meydanlardan birinin adını daşıyır. O bayraq ki, sahibi onun uğrunda döyüşüb, əlil olub. Amma reallıq ondan ibarətdir ki, nə Qarabağ qazisi olmaq, nə də evinin üstündə bayraq dalğalandırmaq Mahir Rzayevin övladının məktəbə getməyə paltar tapmamasını sığortalayır.

Yaşadığı durumdan utanan Mahir Rzayev kamera qarşısında danışmaq istəmir. Amma əvəzində qonşuları ailənin durumunu anladırlar. Onların sözlərinə görə, imkansızlıqdan ailədə böyüyən uşaqlar məktəbə gedə bilmirlər:

“Onların tayı 8-9-da oxuyur, amma onlar məktəbə getmirlər. Çünki geyimləri, imkanları yoxdu. Müharibədə düşmənə sözünü deyən oğlan bu gün ailəsinə güzəran yarada bilmir. Bu vəziyyət dövlətimiz, ölkəmiz adına utancdır”.

Qonşuları onu da deyir ki, indi heç kim Qarabağ qazisinin övladlarının dərsə getməməsi ilə maraqlanmırlar, amma əsgər getməli yaşa çatanda maraqlanacaqlar…

Ana səhifəVideoBayrağın bəzəmədiyi ev (VİDEO)