Əziz və hörmətli mədəniyyət və sənət portallarının redaktorları və baş redaktorları!
Əvvəldən belə bir fəlsəfəm olub ki, insan layiq olmadığı heç bir hadisəyə məruz qalmır. Əgər başına bir iş gəlirsə, ya da gəlmirsə, deməli, buna layiqdir. Məsələn, gördüyü iş bəyənilmirsə, deməli, yaxşı iş deyil. Yazdıqlarını oxuyan yoxdursa, deməli, buna layiqsən. Yazdıqların satılmırsa, deməli, buna layiqsən. Əgər yaxşı olsaydı, oxunardı, satılardı.
Anlayıram media-portalları. Mən də redaktor olsaydım, qeyri-peşəkarlara, məşhur olmayanlara yer ayırmazdım. Çünki provinsial hekayə və şeirlər saytın həm reytinqinə, həm də imicinə zərər verir. Saytın yaratdığı və fikirlərdə mövcud etdiyi kult belə yazılarla gözdən düşə bilər. Amma ən azından, açıb göndərilənlərə baxardım, bəlkə maraqlı bir şey var bu məktubların içinə.
Mənim ilk və ardıcıl olaraq ikinci, üçüncü yazım mediada, daha dəqiq Meydan TV-nin köşə yazarları bölməsində yayımlananda yazılarda bir sıra qrammatik səhvlər var idi, yazını oxuyanlar bunu məndə irad tuturdular və mən bunları normal qəbul edirdim. Çünki mediaya ilk çıxışım idi. Bundan əvvəl qəzet, sayt və ya başqa KİV-lərdə heç bir yazım dərc olunmamışdı. Zamanla isə bu səhvləri düzəltməyə çalışıram.
Əziz sayt redaktorları, əgər portalın xüsusi peşəkar yazarları varsa və yalnız onların yazıları dərc olunursa mən peşəkar olana və yaşım çatana kimi susub, kənara çəkilirəm. Mənə və mənim kimi bir neçə gəncə bu saytlardan cavab gəlsə və “Hekayəniz (şeiriniz) yayımlanmağa uyğun deyil” deyilsə, heç bir kəsin etiraz etməyə haqqı olmaz.
Yox, əgər saytda məndən və mənim kimi bir neçə gəncin yazılarına, ümumiyyətlə, baxılmırsa və həmin portallarda digər ədəbiyyatçı gənclərin banal hekayələri dərc olunursa, o zaman burada heç bir senzuradan söhbət gedə bilməz. Bunun adı ədəbiyyat monopoliyasıdır.
Məsələn bu yaxınlarda “Ali&Nino” kitab evinə qarşı bir neçə yazıçı və jurnalist üsyana qalxmışdı. Səbəb bu quruma göndərilən kitabın satışa qoyulmaması idi. Kifayət qədər arqumentlər səsləndi bu hadisəyə qarşı. Maraqlı bir çıxış idi.
Əgər belə saytlar özləri ədəbiyyat sahəsindəki monopoliyaya, totalitarizmə qarşı üsyan, boykot elan edirlərsə və digər tərəfdən yalnız müəyyən bir kütlənin yazıları ilə məşğuldurlarsa, o zaman onların özləri də bu monopoliyanın bir hissəsidir. Bu media üzərindəki tiranlıq kimə lazımdır axı?
Rasim Qaraca bir müddət əvvəl yazarların ləqəbləri barəsində keçirilən sorğuda səhv etmirəmsə, belə demişdi : ” 10 il yazı göndərirdim dərgilərə, yayımlanmırdı. Sonunda adımın sonuna Qaraca əlavə etdim, yayımlanmağa başladı.”
Bəlkə həqiqətən də, ləqəb lazımdır belə dərgilərə ?
Məncə kitab evinə bir gündə 9-a yaxın etiraz yazısı yazan “sayt və saytlara” bir gənc olaraq etiraz etmək və bir yazı yazmaq haqqımdır.
Uğurlar!
Qeyd : Məktub tək bir quruma yox haqsızlıq edən bütün dərgilərə ithaf olunur.
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.