Vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə kimin ittiham olunduğu məlum deyil
Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya
deyib
ki, Bakı şəhər Prokurorluğunun istintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Lakin bu maddə ilə kimin şübhəli bilindiyi barədə məlumat yoxdur.
Rəsmi məlumata görə, Bakı Televiziya Qülləsindən 200-250 m cənub-şərqdə yerləşən Bayıl sürüşmə sahəsi bu ilin yanvar ayından aktivləşib. Fevralın 10-da baş verən son sürüşmə prosesi zamanı 4 ev tam, 1 ev qismən dağılıb. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb.
Həmin günü hadisə yerinə gələn Səbail Rayon İcra Hakimiyyəti başçısı Eldar Əzizov
deyib
ki, Bayıl yamacında sürüşmə sahəsində vəziyyət ciddidir, hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür: “Hazırda danışıqlar gedir, gələn həftənin əvvəlində evlərindən köçürülən sakinlərə kirayə pulları veriləcək”.
Onun sözlərinə görə, sakinlər birillik kirayə pulu ilə təmin olunacaq.
E.Əzizov yaşamaq üçün yeri olmayan sakinlərə orta məktəbdə yer ayrıldığını, onların gündə 3 dəfə isti yeməklə təmin olunduğunu da açıqlayıb.
Bayıl sürüşmə sahəsində vəziyyətlə bağlı Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb. Həmin sərəncama əsasən Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailənin 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Səbail rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb.
Eyni zamanda, ərazidə tam dağılmış 4 fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğinin hesablanıb Nazirlər Kabinetinə təqdim olunması Fövqəladə Hallar Nazirliyi və Səbail rayon İcra Hakimiyyətinə tapşırılıb.
Evi təhlükə altında olan 67 ailə ərazidəki 163 saylı məktəbdə yerləşdirilib.
19 fevralda Eldar Əzizov sakinlərin yerləşdirildiyi 163 nömrəli məktəbə gələrək 67 ailəyə kirayə haqqı ödəniləcəyini
çatdırıb
. Kirayə haqqı ailə tərkibindən asılı olaraq minimum 260 manat hesablanıb. Sürüşmə nəticəsində dağılan 4 evə veriləcək kompensasiyanı Nazirlər Kabineti müəyyənləşdirir.
Sürüşmə ərazisinin kənarında yaşayan sakinlər də əziyyət çəkirlər. Onlar deyirlər ki, bir aya yaxındır suyu pulla alırlar.
Bayıl yamacında sürüşmə noyabrdan başlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov mətbuata deyib ki, Bayıl yamacının 6,9 hektar ərazisində sürüşmə gedir. Bu ərazidə olan 106 evin hamısına təhlükə var.