Bayılda sürüşmə zonasında yaşayan əhali köçürülür

Bayıl yamacında yaşayanların evləri təhlükə içindədir. Teleqüllə yaxınlığında baş verən sürüşmə evlərdə böyük çatlara səbəb olub. Əraziyə Fövqəladə Hallar Nazirliyi, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri və polis əməkdaşları gəlib.

“Təhlükə var ki, deyirik, köçün də”, – deyə Eldar Əzizov bildirdi.

Ekologiya və Təbi Sərvətlər Nazirliyinin açıqlamasına görə, sürüşməyə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb.

Yamacda işləyən briqadirin sözlərinə görə, gili su ilə qarışdırıb yaranan boşluğu dolduraraq yağış sularından müvəqqəti qoruyurlar.

Sürüşməyə görə sakinlər evlərində qorxu içində yaşayırlar. Evləri hər an başlarına uçacaqmış kimi.

Hadisə yerinə gələn Səbail Rayon İcra Hakimiyyətinin başçısı qəzalı evlərdə yaşayanlara müvəqqəti olaraq buranı tərk etmələrini, qohumları və yaxınlarının evlərinə köçmələrini deyib. Onların kirayə pulu ilə təmin olunacağını da vəd edib.

Gedəcək yeri olmayan sakinlər müvəqqəti sığınacaq olaraq yaxınlıqda yerləşən məktəbə köçürülüb.

Sürüşmə ərazisində yaşayan sakinlərə gələcəkdə kompensasiya verilməsi istisna olunmur.

Ana səhifəVideoBayılda sürüşmə zonasında yaşayan əhali köçürülür