Sakinlər dağıdıcı maşın texnikasının qarşısını kəsiblər
Fevralın 16-da Bakı şəhəri, Bayıl qəsəbəsinin sakinləri etiraza qalxıb. Onlar Su Oyunları Kompleksinin ətrafında yerləşən yaşayış sahəsində aparılan söküntü işləri ilə əlaqədar əraziyə gətirilmiş dağıdıcı maşın texnikasının qarşısını kəsiblər. Bu barədə Meydan TV-yə sakinlərin özləri məlumat veriblər.
Sakinlərin sözlərinə görə, ərazidə tikilən “Bəy Bulvar” yaşayış kompleksinin rəsmilərinin onlara vermiş olduqları vədlərə inanmır və təkliflərlə razı deyillər:
“Onlar nə bizi müvəqqəti kirayə evlə təmin ediblər, nə də kompensasiyanı veriblər. Əvvəlcə dedilər ki, hesablama zamanı kvadratmetrə nisbət götürüləcək, amma sonra pulu azaltdılar. Məsələn, 20 kvadratı hesablamaq əvəzinə, azaldaraq 17 kvadratın pulunu təklif edirlər”.
Daha sonra əraziyə post patrul maşınları ilə polis əməkdaşları cəlb olunub. Polis yaranmış qarşıdıdurmanı sakinləşdirmək və məsələni həll etmək üçün sakinlərlə danışıqlar aparıb.
Etirazçılardan Fatma Nəbiyeva polis bölməsinə aparılıb. Onun telefonundan hadisə yerindən çəkilmiş şəkillər silinib.
Hadisə barədə Meydan TV-yə məlumat verən Fatma Nəbiyeva deyir ki, qonşusunun hüquqlarını müdafiə etdiyi üçün polis bölməsinə aparılıb: “Qonşumun evində körpə uşaqlar var. Heç bir xəbərdarlıq edilmədən evini uçurdular. Mən də dözmədim, onları müdafiə etdim. Ona görə də məni zorla maşına basıb 8-ci polis bölməsinə apardılar. Orada gözlədik, tikinti aparan şirkətin nümayəndələri gəlmədi. Mən də baş verənlərlə bağlı izahat yazdım. Haradasa 2 saat orada saxladıqdan sonra buraxdılar”
Hazırda texnika əraziyə yerləşdirilsə də, sakinlər istifadəsinə imkan vermirlər.
Meydan TV ərazidə tikinti aparan şirkətlə əlaqə saxlaya bilməyib. Səbail rayon Polis İdarəsindən isə bildirilib ki, sözügedən ərazinin sakinlərindən heç biri bölməyə gətirilməyib.