“ABŞ Əfqanıstanın terrorçuların sığınacağına çevrilməsinə imkan verməyəcək”
ABŞ Prezidenti Co Bayden “Əl-Qaidə” terror təşkilatının lideri Ayman əz-Zəvahirinin Əfqanıstanda öldürüldüyünü təsdiqləyib.
Bayden bildirib ki, iyulun 31-də onun razılığı ilə Kabildə ailəsi ilə birlikdə gizlənən əz-Zəvahiriyə qarşı pilotsuz uçuş aparatı ilə əməliyyat keçirilib: “Bu terrorçu lider artıq yoxdur”.
ABŞ Prezidentinin sözlərinə görə, ABŞ Əfqanıstanın bir daha terrorçuların sığınacağına çevrilməsinə heç vaxt imkan verməyəcək:
“Harada gizlənsəniz də, xalqımız üçün təhlükə yaratsanız, ABŞ sizi tapacaq”, – deyə Bayden bildirib.
Ağ Ev rəhbəri əməliyyatı “uğurlu” adlandırıb və Amerika kəşfiyyatına “əzm və bacarıq” üçün təşəkkür edib.
1951-ci ildə Misirdə ziyalı ailəsində doğulan Ayman əz-Zəvahiri Tibb Universitetini bitirib.
Onun babası Pakistanda səfir olub.
Ayman əz-Zəvahiri 1981-ci ildə Misir Prezidenti Ənvər Sədata sui-qəsdə görə ittiham olunaraq 3 il azadlıqdan məhrum edilib.
Onun ötən əsrin 90-cı illərində Dağıstanda və Çeçenistanda olduğu bildirilirdi.
2001-ci ildə İnterpol Ayman əz-Zəvahiri haqqında axtarış elan edib.
O, Bin Ladendən sonra 11 il əl-Qaidəyə rəhbərlik edib.