Baxmut niyə belə mühüm şəhərdir?

Ukrayna. Foto: Meydan TV

Rusiya qoşunları ötən yaydan balaca bir şəhəri ala bilmir

“Novaya qazeta.Yevropa”nın materialları əsasında

Amerika kəşfiyyatının məlumatına görə, son beş ayda Ukraynada Rusiyanın 100 minə yaxın döyüşçüsü həlak olub və yaralanıb. İtkinin böyük bir hissəsi Baxmut rayonunda baş verib. 

Donetsk vilayətinin şəhəri olan Baxmutda geniş hərbi əməliyyatlara qədər 70 minə yaxın adam yaşayıb. Şəhər hazırda, demək olar ki, dağıdılıb. Orada Ukrayna hərbi qüvvələri artıq çoxdan yarımühasirə vəziyyətindədir. Məhəllələrin böyük bir hissəsi Rusiya ordusu tərəfindən işğal olunub. Üzərindən hərbi komplekt və rotasiya qoşunları keçən yol RF hərbçiləri tərəfindən atəşə məruz qalır. Bununla belə, Ukrayna hərbi qüvvələri yaşayış məntəqəsinin qərbində çoxmərtəbəli binalarda müqavimətə davam edir. Qanlı küçə döyüşləri gedir.  

RF-nin Donbasa tammiqyaslı hücumları səngiyib, ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi belə hesab edir. 

“Ötən ilin dekabrında Rusiya bir neçə istiqamətdə, o cümlədən Uqledar, Avdeyevka, Baxmut və Kremennaya istiqamətində geniş hücuma keçdi və müvəffəqiyyətsizliyə uğradı. Rusiya heç bir strateji əhəmiyyətli ərazini tuta bilmədi”.

Bu cəhdlər, xüsusilə də Baxmutu tutmaq cəhdi çox baha başa gəlib. Rusiya öz hərbi ehtiyatlarını və hərbi qüvvələrini tükədib.    

Ukraynada ötən ilin dekabrından 20 mindən çox rusiyalı hərbçi həlak olub, 80 min döyüşçü isə yaralanıb, Amerika kəşfiyyat qurumunun məxfilikdən çıxarılmış məlumatları əsasında bəyan edib. Hərbi məmur şərh edib ki, bu itkilərin böyük bir hissəsi Baxmut uğrunda döyüş zamanı baş verib.

ABŞ kəşfiyyatının məlumatına görə, həlak olanların, demək olar ki, yarısı “vaqnerçi”lərdir, onların da çox rusiyalı məhbuslar olub. Baxmut uğrunda döyüşə aparılan bu məhbusların nə kifayət qədər hərbi təcrübəsi, nə hazırlığı, nə də təşkilatlanmış nizam-intizamı olub.     

Baxmutun alınması Rusiya tərəfinə daha sonra Slavyansk-Kramatorsk aqlomerasiyasına hücum üçün operativ genişlik verə bilərdi. Həmçinin Donbasın Donetsk, Mariupol və digər şəhərlərini su ilə təchiz edən su kəməri Baxmutdan keçir.

Mütəxəssislər Rusiyanın böyük itki bahasına Baxmutu ələ keçirmək istəyinin digər səbəblərini də açıqlayırlar. Belə ki, Xersonun işğaldan azad olunması, Ukrayna hərbi qüvvələrinin uğuru rusları qorxudub və onlar şərq istiqamətində təzyiqi gücləndiriblər.

“Onlar Ukraynanın döyüşə ehtiyat qüvvələrini buraxacağına, bununla da tammiqyaslı əks-hücumun mümkün olmayacağına ümid bəsləyirdilər. Lakin ukraynalı hərbçilər şəhərin müdafiəsi kimi çox mürəkkəb bir vəzifənin öhdəsindən əlavə qüvvələr cəlb etmədən gələ bilirlər. Ehtiyat qüvvələr hazırda RF ordusuna hücuma hazırlaşır”, – Hərbi-Pravoslav Tədqiqatlar Mərkəzinin rəhbəri Aleksandr Musiyenko “Novaya qazeta Avropa”ya izah edir.

Onun fikrincə, ruslar elə öz tələlərin düşüblər: “Moskva Ukrayna qüvvələrini sındıra bilmədiyi üçün hazırda bütün yeni ehtiyatlarını qızğın hücumalara atmaq məcburiyytindədir. Sıradan çıxan “vaqnerçi”lərin yerini motoatıcılar və desantçılar tutub”.

Ekspert əmindir ki, Ukraynanın Baxmutdakı hərəkətlərini əks-hücuma hazırlıq kimi qəbul etmək lazımdır.          

Mübarizə üçün rəmz

Baxmutu ələ keçirmək, görünür, Rusiya hakimiyyəti və şəxsən Evgeni Priqojin üçün prinsip məsələsinə çevrilib. Lakin şəhər Kiyev üçün də rəmzə çevrilib və onu təslim etmək hərbi cəhətdən problem olardı. Hərçənd bir çox ekspert, o cümlədən amerikalı ekspertlər ehtimal edirdilər ki, Baxmutu vermək strateji nöqteyi-nəzərdən Ukrayanaya haqq qazandırır. Lakin hazırda bu, təbliğat, media və siyasi tərəfdən özünü doğrultmur.       

Kiyev əmindir ki, Rusiya “Baxmut ətçəkəni”ndə qələbə çalarsa, Vladimir Putin Ukrayna tərəfini yolverilməz qərarlara məcbur edəcək.

Ukrayna Prezidenti Vladimir Zelenski bu məsələdə öz mövqeyini belə izah edib:

“Putin bu qələbəni Qərbə, Rusiya ictimaiyyətinə, Çinə, İrana satacaq. Əgər o, qan hiss edərsə, bizim zəif olduğumuzu hiss edərsə, dayanmadan təzyiq etməyə başlayacaq”.

Bundan başqa, Zelenskinin fikrincə, Baxmutda məğlubiyyətə uğrayarlarsa, Ukrayna cəmiyyəti yorğunluq hiss edə və prezidenti kompromisə itələyə bilər.    

Lakin son zamanlar, bəzi mənbələrin səs-küylü xəbərlərinə görə, vəziyyət Ukraynanın xeyrinə dəyişməyə başlayıb. Belə ki, “Vaqner” özəl hərbi şirkətin rəhbəri sayılan Yevgeni Priqojin Rusiyanın hərbi müxbiri Semyon Peqova yaxın günlərdə verdiyi müsahibədə bəyan edib ki, onun tabeliyində olan döyüşçülər, həqiqətən də, böyük itki verir:

“Uşaqlar həlak olur. Hər gün dəstə-dəstə. Döyüş meydanından minlərlə meyit çıxarıb tabutlara qoyur və evlərinə göndəririk”.  

Priqojin həmçinin “Telegram” kanalına qoyduğu videoda döyüşçülərin ölümündə Rusiya hərbi rəhbərliyini ittiham edir.

Ana səhifəDünyaBaxmut niyə belə mühüm şəhərdir?