Mədəndə ekoloji ekspertiza keçirilə bilər
Qarabağdakı Dəmirli mis-molibden yatağının istismarı beynəlxalq ekoloji ekspertizanın nəticələri açıqlananadək dayandırılıb.
Dağlıq Qarabağdakı tanınmayan, separatçıların yaratdığı hökumətin mətbuat xidməti bildirib ki, “Base Metals” şirkəti mədənin fəaliyyətinə müvəqqəti fasilə verib. Səbəb günlərdir Şuşa-Laçın yolunun Xankəndiyə gedən istiqamətində keçirilən aksiyadır.
“Azərbaycanın ekoloji fəalları adlanan şəxslər qeyri-sağlam atmosfer yaradıb. Onlar beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edirlər. Odur ki, mədənin fəaliyyəti ilə bağlı beynəlxalq ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət edilməsi qərara alınıb”.
“Base Metals” Ağdərə (Martakert) rayonunda yerləşən mis-molibden mədənini idarə edir. Bu, Dağlıq Qarabağda fəaliyyət göstərən ən böyük şirkət sayılır.
“Dağlıq Qarabağ hökuməti həmişə dünyanın ən yaxşı mədən standartlarını müdafiə edib və əmindir ki, beynəlxalq ekoloji standartlar bütün regionda dağ-mədən şirkətlərinə şamil edilməlidir”, – tanınmayan qurumun bəyanatında deyilir.
Bəyanat dekabrın 28-də Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının missiyasının komandiri Andrey Volkovun “Qarabağ hakimiyyəti” ilə danışıqlar aparması ilə bağlı yayılan məlumatdan sonra verilib.
Dekabrın 12-dən Azərbaycandan olan bir qrup insan Laçın dəhlizininin Xankəndiyə gedən hissəsində aksiya keçirib. Aksiya səbəbindən buradakı sülhməramlılar yolu bağlayıb. Özlərini eko fəallar adlandıran qrupun sözlərinə görə, Qarabağdakı mədənlər ekoloji qaydalara zidd şəkildə istismar edilir və bu zaman təbiətə ciddi zərər vurulur.
Azərbaycan hökuməti bildirib ki, Rusiya sülhməramlılarının və separatçıların nəzarətində olan Qızılbulaq və Dəmirli yataqlarının monitorinqinə başlayır.
Rusiya xarici işlər naziri Sergey Lavrov bu həftə demişdi ki, Azərbaycan hökuməti nümayəndələrinin yataqlara səfəri barədə razılaşma olsa da, buna erməni tərəfi mane olub.
Dekabrın 20-də xəbər verildi ki, Britaniyanın “Anglo Asian Mining PLC” şirkətinin yüksək vəzifəli nümayəndələri BMT-yə, ABŞ Dövlət Departamentinə, Britaniya Xarici İşlər Nazirliyinə və Avropa İttifaqına ünvanlandıqları məktubda Qarabağdakı Qızılbulaq və Dəmirli mədənlərindəki legitim biznes hüquqlarının təmin olunmasında kömək istəyib.
Azərbaycan hökuməti sözügedən yataqların istismarı üçün lisenziyanı məhz bu şirkətə verib.
Bakı hər hansı başqa şirkətin bu yataqları istismar etməsini qanunsuz hesab edir.
“Anglo Asian Mining PLC” Mərkəzi Asiya regionunda qızıl, mis və gümüş istehsalçısıdır və Azərbaycanda da geniş istehsal portfelinə malikdir.
Azərbaycan Milli Məclisi 2022-ci ilin 5 iyulunda bu şirkətlə bağlanmış müqaviləyə dəyişiklikləri qəbul edib.
Bu dəyişikliklər şirkətə Qarabağdakı mis mədəni də daxil ümumi sahəsi 882 kvadrat kilometr olan 3 əlavə lisenziya verir.
Sovet dönəminin məlumatına görə, Qarabağdakı mis yatağının həcmi 300 min tondur.