Zərərçəkənlər hökmdən narazıdır
Sentyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Taxıl Terminalı” MMC-nin baş texnoloqu Qalib Bağırovun qətlində təqsirləndirilən Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın məhkəmə prosesi başa çatıb.
Meydan TV-nin məlumatına görə, iclasa hakim Eynulla Vəliyev sədrlik edib. İclasda prokuror Ramin Nağdəliyev çıxış edib. O, təqsirləndirilən şəxslərin cinayət əməlinin sübuta yetirldiyini bildirib və hər birinin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar məhkəmədən ədalətli hökm çıxarılmasını istəyiblər. Vəkillər isə prokurorun ağır cəza istədiyini deyiblər və onlara daha yüngül cəza təyin edilməsini istəyiblər. Zərərçəkmiş şəxsin nümayəndəsi isə onlara ömürıük cəza verilməsini istəyib:”Bunlar dəstə yaradıblar. Adam öldürüb, insanlara zor tətbiq ediblər. Daha nə etməlidilər ki ömürlük cəza alsınlar?” Bundan sonra hökm elan edilib.Təqsirləndirilən şəxslərin hər birinə 20 illik həbs cəzası təyin olunub.
Bu il yanvarın 8-də “Bakı Taxıl Terminalı” MMC-də baş texnoloq işləyən Qalib Bağırovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bağlar” yaşayış massivindəki evində aşkar olunub.
Cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Həsənov, Mahnurə Hüseynova və Mübariz Əliyev tutublar.
Müəyyən edilib ki, qeyd edilən şəxslər qabaqcadan əlbir olaraq həmin gün saat 7 radələrində Qalib Bağırovun yaşadığı bağ evinə gəlib çoxsaylı xəsarətlər yetirməklə və iplə boğmaqla onu öldürüblər. Sonra mənzildə olan 300 manat, 30 avro, 10 dollar, 10.000 Belorus rublu, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürərək hadisə yerindən gediblər.