Baş redaktorun oğurlandığı bildirilir

Xanımı: ”Avtomobil Qala yolunda naməlum şəxslər tərəfindən saxlanılıb və Aqili özləri ilə aparıblar”

Source:
Aqil Ələsgər


Xanımı: ”Avtomobil Qala yolunda naməlum şəxslər tərəfindən saxlanılıb və Aqili özləri ilə aparıblar”

“Yeni Çağ” Media Qrupunun rəhbəri, jurnalist Fərəcov Aqil Ələsgər oğlunun (Aqil Ələsgər) naməlum şəxslər tərəfindən qaçırıldığı bildirilir.

“Yenicag.az”-ın məlumatına görə, iyulun 30-u, axşam saatlarından etibarən ondan heç bir xəbər yoxdur.

Aqil Ələsgərin həyat yoldaşı Günay Fərəcova sayta deyib ki, onunla sonuncu dəfə iyulun 30-u, saat 19-00 radələrində danışıb:

“Danışanda bizə dedi ki, tezliklə evə gələcək. Ancaq axşam saat 21:50-dən sonra mən və anası dəfələrlə zəng etsək də, o, nə zənglərimizə, nə də “WhatsApp” mesajlarımıza cavab verdi. Əldə etdiyim məlumata görə, Aqil sonuncu dəfə *7555 taksi xidmətindən istifadə edib. Buna görə də onun sifariş etdiyi taksinin sürücüsü ilə danışdıq və ondan öyrəndik ki, avtomobil Qala yolunda naməlum şəxslər tərəfindən saxlanılıb və Aqili özləri ilə aparıblar. Bu zaman Aqilin eynəyi də taksidə qalıb. Hadisə ilə bağlı 102 xidmətinə müraciət etdik. Müraciətdən sonra Xəzər Rayon Polis İdarəsinin 1 saylı polis bölməsində izahat yazdıq. Lakin həmin saatdan etibarən həyat yoldaşımdan xəbər ala bilmirik. Qeyd edim ki, Aqil Ələsgər jurnalist fəaliyyəti dövründə daima FETÖ terror təşkilatını ifşa edib. Onun araşdırma yazıları və müəllifi olduğu kitablar sözügedən terror təşkilatının ifşasında müstəsna rolu olub. Bu mənada Aqil Ələsgərin yoxa çıxmasında FETÖ-nün rolunun olduğu istisna deyil”.

Günay Fərəcov həyat yoldaşının tapılması üçün prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, o cümlədən də daxili işlər naziri Ramil Usubova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə, Baş prokuror Zakir Qaralova müraciət edib.

Meydan TV-nin hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Aqil Ələsgər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (Bandotdel kimi tanınır-red) saxlanılır.

Ana səhifəXəbərlərBaş redaktorun oğurlandığı bildirilir