Şahidin ifadəsində ziddiyyət aşkarlanıb
İyulun 10-da Səbail rayon Məhkəməsində “Azadlıq” qəzetinin həbsdə olan yayım direktoru Faiq Əmirlinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Aytən Əliyevanın sədrlik etdiyi iclasda çıxış edən F. Əmirlinin vəkili Fəxrəddin Mehdiyev bildirilib ki, qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev və qəzetin əməkdaşı Xəyal Babayev məhkəməyə məktub göndəriblər. Onlar məktublarında istintaq zamanı verdikləri ifadələri təsdiq etmədiklərini, ifadələrini təzyiq altında verdiklərini bildiriblər. Hər iki şəxs ifadələrin sübutlar siyahısından çıxarılmasını məhkəmədən xahiş edib.
F. Əmirlinin vəkili Fəxrəddin Mehdiyev hər iki ifadənin sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırıb. Vəkil qeyd edib ki, qəzetin baş redaktoru, hazırda Fransada yaşayan Qənimət Zahid də məktub göndərərək Faiq Əmirlinin təşkilati və maliyyə məsələləri ilə bağlı qərar vermək səlahiyyəti olmadığını bildirib.
Hakim Aytən Əliyeva bildirib ki, məktublar məhkəməyə daxil olduqdan sonra bu vəsatət müzakirə ediləcək.
İclasda şahid qismində Sultan İsmayılov adlı şəxs ifadə verərək bildirib ki, 10 il əvvəl “Azadlıq” qəzetində torpaq ərazisinin satışı haqda elan verib və elanın bir neçə ay qəzetdə getməsi üçün aylıq 2-3 manat pul ödəyib.
Məhkəmə iclasında məlum olub ki, onun istintaq zamanı verdiyi ifadə ilə məhkəmə ifadəsi arasında ziddiyyət var. Belə ki, istintaq zamanı verdiyi ifadəsində elanın 2010-2015-ci illərdə verildiyi yazılıb. Vəkillər isə bildiriblər ki, istintaq orqanı saxtakarlıq edərək, həmin elanın Faiq Əmirlinin işlədiyi dövrdə verildiyini yazıblar. Faiq Əmirli “Azadlıq” qəzetində 2011-ci ilin yanvarından işləməyə başlayıb.
Proses iyulun 12-də davam edəcək.
F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb. Daha sonra Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham elan olunub. Rəsmi məlumatlarda onun avtomobilindən Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitabların tapıldığı deyilir. Lakin F.Əmirli ittihamları saxta adlandırır, həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.