Baş redaktorun məhkəməsi başladı

Vəkil: ”Anar Məmmədovun müdafiə hüququ kobud şəkildə pozulub”

Source:
Anar Məmmədov foto sosial şəbəkə
Anar Məmmədov foto sosial şəbəkə


Vəkil: ”Anar Məmmədovun müdafiə hüququ kobud şəkildə pozulub”

Gəncə hadisələri vaxtı saytda yayılan məlumatlara görə cinayət məsuliyyətinə cəlb olunan “criminal.az”-ın baş redaktoru Anar Məmmədovun məhkəməsi başlayıb.

Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrliyilə jurnalistin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Təqsirləndirilən jurnalistin anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, 1979-cu il təvəllüdlü A.Məmmədov Bakı Dövlət Universitetini bitirib, himayəsində iki azyaşlı övladı var.

Daha sonra vəkili Elçin Sadıqov onun barəsində cinayət işinin əsassız olduğunu bildirərək, xitam verilməsi haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, istintaq zamanı A.Məmmədovun müdafiə hüququ kobud şəkildə pozulub. O, jurnalist olaraq məlumat aldığı mənbələri açıqlamağa məcbur edilib, bu da ifadə azadlığının pozulmasıdır, Azərbaycanın da qoşulduğu Avropa Konvensiyasının 10-cu maddəsinə ziddir.

Vəkilin sözlərinə görə, prokurorluq iki nəfər ana-balanı bu işə cəlb edib, guya onlar “criminal.az” saytında Gəncə hadisələri barədə yazılanları oxuyub stress keçiriblər:

“Guya onlar 16 iyulda oxuyub prokurorluğa müraciət ediblər. Ancaq ayın 9-dan bu sayt artıq bloklanmışdı, oxuya bilməzdilər. Uydurmadır”.

Hakimlər vəsatəti təmin etməyib. İş üzrə məhkəmə baxışı 11 yanvara təyin olunub.

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən “Criminal.az” saytına girişə məhdudiyyət qoyulmuşdu.

Dekabrın 12-də Anar Məmmədov haqqında açılmış cinayət işinin istintaqı başa çatıb. A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Məhkəmə ittihamları təsdiqləsə, Anar Məmmədov 8 ilədək azadlıqdan məhrum edilə bilər.

Anar Məmmədov ittihamları rədd edir. Bildirir ki, rəhbərlik etdiyi saytdakı yazılarda dövlət əleyhinə çağırışlardan söhbət gedə bilməz.

Ana səhifəXəbərlərBaş redaktorun məhkəməsi başladı