Baş redaktora verilmiş ittiham yenilənib

Vəkil: “Mənə həmin yeniləmə ilə bağlı rəsmi məlumat verməyiblər”

Source:
Baş redaktor Əfqan Sadıqov
Baş redaktor Əfqan Sadıqov

Azel.tv saytının həbsdə olan baş redaktoru, jurnalist Əfqan Sadıqovun cəzaçəkmə müəssisəsindən Kürdəxanı İstintaq Təcridxanasına köçürüldüyü bildirilir.

Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Sevinc Sadıqova məlumat verib:

“Bu gün zəng günü deyildi, ancaq Əfqan mənə zəng etmişdi. Dedi ki, məni Kürdəxanıya aparırlar, oradan da Cəlilabad Rayon Məhkəməsinə aparacaqlar. Ona qarşı yeni ittiham irəli sürüldüyünü söyləyiblər. Ancaq nə ilə bağlı olduğunu özü də bilmir. Stress içindəyik, çünki Əfqan mayda həbsdən çıxmalı idi. Məncə, onu təkrar həbsdə saxlamaq üçün belə edirlər”.

Əfqan Sadıqovun vəkili Elçin Sadıqov isə deyib ki, jurnalistin həbs müddətinin bitməsinə 3 ay qalmış ona qarşı sürülmüş ittihamı yeniləyiblər:

“İcra başçısı xüsusi ittiham qaydasında şikayət vermişdi. İndi o şikayəti yeniləyiblər. Hələ mənə həmin yeniləmə ilə bağlı rəsmi məlumat verməyiblər. Birinci gün Əfqan Sadıqovla görüşməyə çalışacağam”.

Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. Ona CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. O, icra hakimiyyətində bir qadını vurmaqda ittiham edilib. Ə.Sadıqov isə bunu qurama iş adlandırıb.

2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan Ə.Sadıqov barəsində hökm oxunub. Məhkəmə onu 2 il yarım azadlıqdan məhrum edib.

Hüquq müdafiə təşkilatları onun adını siyasi məhbusların siyahısına daxil edib. Yerli hüquq müdafiəçiləri onun rayonda tənqidi yazılarına görə şərlənərək həbs edildiyini düşünürlər.

Bu açıqlamalara hələlik, Cəlilabad Rayon İcra Hakimiyyətindən hər hansı münasibət almaq mümkün olmayıb.

Ancaq rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Bildirirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Ana səhifəXəbərlərBaş redaktora verilmiş ittiham yenilənib