Habil Əliyev: ”İndiyə qədərki xidmətlərimi və mənə qarşı baş verənləri tərəziyə qoyub müqayisə edəndə təəccüblənirəm”
“Məni həbs edənlər də, mən də hakimiyyətin üzvləriyik. Mən 25 ildir bu iqtidara xidmət edirəm. 22 il seçki komissiyasının sədri olmuşam. İstəyirəm ki, cəza təyin edərkən mənim keçmişdəki fəaliyyətimə də qiymət verilsin. Bəs mən niyə bu qədər xidmət etmişəm?” – əsasən, orta səviyyədə vəzifə sahiblərini (rayonların təhsil, turizm idarələrinin rəhbərlərini və s.), restoranı, iaşə obyekti olan iş adamlarını öz qəzetində rüsvay etməklə şantaj edib pul almaqda ittiham olunan Habil Vəliyevin məhkəmədə dediyi son sözüdür.
O, “Gündəlik Bakı” qəzetinin baş redaktorudur.
2016-cı ilin dekabrında DTX əməkdaşları tərəfindən həbs olunan H.Vəliyevin məhkəməsi başa çatıb. Mayın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə çıxarılan hökmə əsasən, H.Vəliyev 4 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinib.
H.Vəliyevin bir neçə vəkili var. Digər vəkillər əvvəlki məhkəmə iclaslarında çıxış etmişdi, bir Zaur İbadov qalmışdı ki, o da bugünkü iclasda H.Vəliyevə bəraət verilməsini xahiş edib:
“İstintaq orqanının şişirdilmiş ittihamları məhkəmədə sübuta yetirilmədi”.
Daha sonra H.Vəliyevə son sözü demək təklif olunub. O bildirib ki, təqsirsizdir və məhkəmədən ədalətli qərar gözləyir:
“Ulu öndər Heydər Əliyev də məhkəmələrimiz haqqında deyirdi ki, bu binalar ədalət sarayıdır. Mən də burada ədalətli qərar çıxarılacağına ümid edirəm.
Məni həbs edənlər də, mən də hakimiyyətin üzvləriyik. İndiyəqədərki xidmətlərimi və mənə qarşı baş verənləri tərəziyə qoyub müqayisə edəndə təəccüblənirəm. Mərdi qova-qova namərd edirlər. Mən həmişə iqtidarın yanında olmuşam, hökumətə xidmət eləmişəm. O jurnalistlərdən deyiləm ki, ayağım çölə dəyən kimi gedib iqtidarın əleyhinə yazım. Mənim qəzetimdə iqtidarın əleyhinə bircə yazı çıxmayıb. Həmişə göydə Allahdan, yerdə cənab prezidentimizdən kömək istəyirəm. Düşünürəm ki, birdən Allah eləməmiş, iqtidar dəyişsə, məni yenə həbs edəcəklər”.
H.Vəliyev son sözündə əmlaklarının üzərindən həbsin götürülməsini istəyib.
Hakimlər müşavirədən sonra hökmü elan edəndə məlum olub ki, üzərində həbs olan əmlaklar müsadirə olunmayıb. Onların üzərindən həbsin götürülməsinə qərar verilib.
DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, H.Vəliyev gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edərək, adamların şəxsi həyatına aid məlumatlar toplayıb, sonra da onları şantaj edərək pul alıb. Bu cinayət işində zərərçəkmişlər arasında Laçın rayonunun sabiq icra başçısı Ramiz Cəbrayılov da var. İttihama görə, H.Vəliyev onu oğlunun toyuna aid materiallarla şantaj edərək, 15 min manat pul alıb.
Hazırda məhkəmə qarşısına çıxarılan Habil Vəliyevlə Surxay Əliyevin rəhbərlik etdiyi qəzetlər 2011-ci ildə Mətbuat Şurasının “qara siyahı”sına salınıb və “reket qəzetlər” elan olunub. 2014-cü ildə isə həmin siyahıdan çıxarılıb. Hər iki şəxs 2014-cü ilin avqustunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ölkənin informasiya təhlükəsizliyi ilə bağlı keçirdiyi müşavirədə iştirak
edib
.
2016-cı ildə isə onlar yenidən “reket jurnalist” kimi DTX tərəfindən həbs ediliblər.