DTX Anar Məmmədovla bağlı Bakı Şəhər Prokuroruna nə yazıb?
““Criminalaz.com” informasiya saytında dərc edilmiş materialların təhlili zamanı saytın “reket jurnalistikası” ilə məşğul olduğuna dəlalət edilir. Bununla əlaqədar bir sıra ölkə vətəndaşları saytda barələrində həqiqəti əks etdirməyən, böhtan xarakterli məlumatlar dərc edildiyinə görə Anar Məmmədov barədə məhkəmə orqanlarına şikayət ediblər”.
Bu cümlələr Dövlət Təhlükəsizlik Xidmətinin Bakı Şəhər Prokurorluğuna “criminalaz.com” saytının baş redaktoru, jurnalist Anar Məmmədovla bağlı göndərdiyi məktubda qeyd olunub. Bu günlərdə məhkəmə qarşısına çıxarılacaq Anar Məmmədovsa bu iddiaları qəbul etmir və hesab edir ki, istintaq orqanları onun həbsinin reallaşması üçün əlindən gələni edir:
“Mənə qarşı onsuz da ağır ittihamlar irəli sürülüb. Hansı ki, mən bu ittihamları qəbul etmirəm və bütün bunlar məni həbsə atmaqla fəaliyyətimi məhdudlaşdırmaq üçündür. Ürəkləri soyumayıb, bir də məni reketdə ittiham etmək istəyirlər. Fəaliyyətim boyu peşəmə vicdanla yanaşmışam və bir adam ortaya çıxıb deyə bilməz ki, ondan hər hansı formada pul istəmişəm və ya almışam. Əslində başıma gələnlərin arxasında da elə vicdanla işləməyim olub”.
Anar Məmmədova qarşı cinayət işi məlum Gəncə olaylarından sonra qaldırılıb. O, Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. İstintaq orqanı jurnalisti məhkəməyədək polis nəzarətinə verib.
Dekabrın 20-də Gəncə isə jurnalist ABŞ-ın Azərbaycandakı səfirliyində olub. Onu və vəkilini səfirliyin siyasi məsələlər üzrə müşaviri Kristinq Sinq və mətbuat katibi Nathan Jones qəbul edib. Anar Məmmədovla müşavir arasında onun rəhbəri olduğu saytda yayılan məqalələrə görə, ona qarşı açılmış cinayət işi barədə müzakirələr aparılıb.
Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə 2018-ci il iyulun 3-də sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.
Onda Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.
Bəzi media qurumları “çağırış xarakterli, ictimaiyyəti çaşdıran” məlumatlar paylaşmaqda günahlandırılırdı.
İyulun 12-də Anar Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi.
Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən “criminal.az” saytına girişə məhdudiyyət qoyulmuşdu.
Anar Məmmədov ittihamları rədd edir.
Sui-qəsd nəticəsində ağır yaralanan Elmar Vəliyev sonradan prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.
Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs olunub.
Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edir ki, Yunis Səfərovun terror aktını törətməkdən əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan İslam dövləti qurmaq olub.
Hələlik Yunis Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.