Polad Aslanov ittihamları qəbul etmir
“Xeberman.com” saytının həbsdə olan təsisçisi və baş redaktoru Polad Aslanova hökm oxunub. Noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, P.Aslanov 16 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib.
Cinayət işinin materiallarında iddia olunur ki, P.Aslanov İranın xüsusi xidmət orqanlarıyla məxfi əməkdaşlıq edib, ölkədən kənarda onlarla gizli görüşlər keçirib, informasiyalar ötürüb və bunun müqabilində pul alıb.
P.Aslanov isə bu barədə yazılanların yalan olduğunu bildirir, özünü təqsirli bilmir. O, noyabrın 16-da məhkəmədə son sözündə də təqsirsiz olduğunu vurğulayıb.
P.Aslanov son sözündə Azərbaycanın Qarabağdakı uğurları haqda danışıb, deyib ki, əgər onu həbs eləməsəydilər, gedib torpaqların azadlığı uğrunda döyüşəcəkdi: “Amma məni bundan da məhrum elədilər”.
Jurnalist vurğulayıb ki, ona qarşı ittiham məhkəmədə də sübuta yetirilmədi: “Prokuror hansı şahidin ifadəsinə əsaslanıb mənə 17 il həbs cəzası istəyir? Onların hansı fakt, sübut ortaya qoydu? Məşhəd, Kərbəla ziyarətinə gedənlərin hər birinə görə 10-20 dollar rüşvət alınması heç kimə sirr deyil. Mən də xüsusi xidmət orqanlarının bu korrupsiya əməllərini işıqlandırdığıma, mənə təklif olunan rüşvət qarşılığında yenə də o yazıları silməyə razılaşmadığıma görə bu gün buradayam”.
P.Aslanov çıxışının sonunda məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.
Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsilə yanaşı, 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsilə də ittiham verilmişdi. İddia olunurdu ki, o, Dəyanət Babayev adlı sayt əməkdaşını ölümlə hədələyib. Amma bu ittiham üzrə ona bəraət verilib.
P.Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib. O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.