Baş Prokurorluq SAT suallarının satılması ilə bağlı açıqlama yaydı

Mənbə: Shutterstock – Bibiphoto

”Satışı təşkil edən şirkət rəhbəri barəsində cinayət işi başlanılıb, istintaq aparılır”

Xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olmağa hüquq verən beynəlxalq proqram üzrə imtahan suallarının qanunsuz satışını təşkil edən şəxslər həbs edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, beynəlxalq səviyyəli imtahan proqramının sualları qabaqcadan qanunazidd şəkildə ayrı-ayrı şəxslərə satışını təşkil edən şirkət rəhbəri barəsində cinayət işi başlanılıb, istintaq aparılır:

“Əməliyyat tədbirləri ilə “Uğur İstanbul 2012” MMC-nin direktoru Məmmədov Cahid Sabit oğlunun Əliyev Şahin Sevindik oğlu və digərilə birlikdə “SAT” test-sxolastik qabiliyyət imtahanının (Scholastic Aptitude Test) sual-məlumat bazasını pul müqabilində satdığı məlum olub. Suallar imtahanların keçirilməsinə lisenziyası olan Türkiyənin İzmir və İstanbul şəhərlərində yerləşən təhsil mərkəzlərindən qanunsuz əldə edilib”.

Prokurorluq bildirir ki, iş üzrə toplanmış sübutlar əsasında Cahid Məmmədov və Şahin Əliyevin Cinayət Məcəlləsinin 202.1 (kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 312-1.2-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib: “Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli və obyektiv yoxlanılmaqla digər təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlardan Baş Prokurorluğun “961″ Çağrı mərkəzinə və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələri xahiş edir.

Bir gün öncə Tükiyə mediası da bu barədə məlumat yayıb.

Həmin məlumatda bildirilir ki, ABŞ-da təhsil almaq istəyən tələbələrin daxil olduğu Sxolastic Aptitude Test (SAT) sualları iranlıların rəhbərlik etdiyi dəstə tərəfindən oğurlanıb.

“Karantin” deyilən evlərdə Azərbaycandan 2-3 min dollara sual gətirib satan dəstənin 6 üzvü saxlanılıb.

İstintaq materiallarına görə, mayın 7-də Türkiyənin Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinə bildirilib ki, “OSTİM Texnologiya Universiteti, Beştəpə Ankara Kolleci və TOBB Universiteti şəhərciyində keçiriləcək SAT İmtahan sualları əvvəlcədən veriləcək.

Əlavə edilib ki, sualların 2 gün içində paylanacağı bildirilib.

Sualları 3 min dollara satan şəxslərin “Telegram” tətbiqi üzərində təşkilatlandığı, əksəriyyətinin iranlı olduğu bildirilir. Həmin elanda imtahan suallarının Türkiyəyə Cahid və Əli A. adlı Azərbaycan vətəndaşları tərəfindən gətirildiyi və sualların paylanıldığı evləri “karantin” adlandırdıqları iddia edilib.

Xəbərdarlıq üzərinə Ankara Respublika Baş Prokurorluğunun göstərişi ilə istintaq başlanıb.

İstintaq çərçivəsində müəyyən edilən evlərdə aparılan axtarışlar zamanı 11 ədəd ingilis dili imtahanına dair sənəd, 18 ədəd 55 səhifəlik ingilis dilində yazılı sual kitabçası və müxtəlif rəqəmsal materiallar aşkar edilib.

SAT (Scholastic Aptitude Test) imtahanı Amerikada bakalavr təhsili almaq istəyən Amerikan və xarici vətəndaşlar üçün yaranıb.

Hazırda isə dünyanın müxtəlif ölkələrində bu imtahandan istifadə edilir.

Ana səhifəXəbərlərBaş Prokurorluq SAT suallarının satılması ilə bağlı açıqlama yaydı