“Yazılarımı diqqətlə oxuduqları üçün təşəkkür etdim”
“Siyasi Məhbuslarsız Azərbaycan” qeyri-hökumət təşkilatının koordinatoru və Milli Şuranın üzvü Oqtay Gülalıyevə yanvarın 6-da Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilib.
Hüquq müdafiəçisi Baş Prokurorluğa çağırılıb və iki saata yaxın qaldıqdan sonra sərbəst buraxılıb.
“Mən yerli vaxtla saat 17-də Respublika Prokurorluğuna daxil oldum və iki saata yaxın orada qaldıqdan sonra azad buraxıldım. Çağırılmağımın səbəbi kimi bu yaxınlarda yazdığım və çoxsaylı mediada dərc olunmuş “Bir körpənin göz yaşlarına dəyməyən əfv sərəncamı” yazısı göstərildi. Detallı şəkildə məlumat yaymamaqla bağlı iltizama qol çəkdiyimdən geniş danışmayacam. Rəsmi xəbərdarlıq aldım. Bildirdilər ki, məqalədəki bəzi məqamlar dövlət orqanlarının işgüzar nüfuzuna xələl gətirir. Onlara bildirdim ki, yazı mənim fikrilərimdir, qanunlar və fikir azadlığı çərçivəsindədir. İnsanları düşüncəsinə görə ittiham etmək olmaz. Bir də yazılarımı diqqətlə oxuduqları üçün təşəkkür etdim”, Gülalıyev “Turan İA”a bildirib.