”Sızdırılan məlumatları yenə dərc edəcəyik”
Mayın 23-də bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli Respublika Prokurorluğuna çağrılıb.
Mustafa Hacıbəylini respublika prokurorunun birinci müavini Rüstəm Usubov qəbul edib.
Bu barədə Meydan TV-yə açıqlama verən M.Hacıbəyli deyib ki, Rüstəm Usubov ona bastainfo.com-da dərc olunan bir neçə yazı haqda xəbərdarlıq edib.
“Söhbət ordudakı vəziyyətlə əlaqədar dərc olunan yazılardan gedir. Həmin yazılarda orduda baş verən həbslər və zabitlərin müəmmalı ölümü işıqlandırılıb. Cənab Usubov hərbi, istintaq və dövlət sirlərinin yayılmasının məsuliyyət yaratdığını söylədi və mənə hazırladıqları xəbərdarlığa imza atdırdılar”.
M.Hacıbəyli R.Usubovun xəbərdarlığını təzyiq kimi qiymətləndirdiyini bildirib:
“Əgər bu cür məlumatlar jurnalistlərə çatırsa, artıq hərbi, istintaq sirrindən danışmağa ehtiyac yoxdur. Ona görə də bizə gələcəkdə sızdırılan məlumatları yenə dərc edəcəyik”.