"23 mülki şəxs həlak olub, 36 nəfər yaralanıb"
Bu günədək işğaldan azad edilmiş ərazilərdə minaya düşən 23 mülki şəxs həlak olub, 36 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Avqustun 11-də Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumatda belə deyilir.
Bildirilir ki, həmin rəqəmlər 2020-ci il noyabrın 10-dan bu il avqustun 11-dək minaya düşən şəxslərdir.
Rəsmi qurumların indiyədək verdiyi açıqlamalara görə, həmin müddət ərzində Azərbaycanın hərbi qulluqçuları arasında da minaya düşənlər olub. Bu səbəbdən ölən və yaralananlar var.
1992-ci ildən 2021-ci ilədək Qarabağda minaların partlaması nəticəsində 639 nəfər mülki şəxs ölüb, 2 806 nəfər də yaralanıb.
Keçən ilin noyabrın 11-dən bu ilin mayın 31-dək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 7449 piyada əleyhinə, 3643 tank əleyhinə mina, 9033 PHS aşkarlanıb.
Bu müddət ərzində ümumilikdə 27635309 kv.m (2763.5 ha) ərazi mina və PHS-lərdən təmizlənib.
Azərbaycan Minalardan Təmizləmə Agentliyi (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov aprel ayında deyib ki, 1998-2020-ci illərdə ölkədə bütövlükdə 547 370 949 kvadratmetr sahədən 808-dən çox mina və s. partladıcı qurğu, o cümlədən 2020-ci il 10 noyabr tarixindən 2021-ci il 30 mart tarixinədək 14 136 179 kvadratmetr sahədən 3 481 mina aşkarlanaraq götürülüb.
2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər gedib.
44 gün davam edən müharibə və ondan sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.
Ötən ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.